Çempionlar Liqası: Tarixə düşənlər, rekord vuranlar
13.10.2022 - 09:20
Çempionlar Liqası: Tarixə düşənlər, rekord vuranlar

Çempionlar Liqasının (ÇL) qrup mərhələsində IV tura yekun vurulub.

Apasport.az saytının məlumatına görə, IFFHS dünən keçirilən oyunlarda qeydə alınmış rekordları və maraqlı statistik göstəriciləri dərc edib.

- “Brügge” 2015/16 mövsümündə pley-off mərhələsinə vəsiqə qazanan “Gent”dən sonra bunu bacaran ikinci Belçika komandasıdır. “Anderlext” 2000/01 mövsümündə birinci qrup mərhələsi səddini aşsa da, ikinci qrup mərhələsində mübarizədən kənarlaşdırılıb.

- “Viktoriya” (Plzen) üzərində 4:2 hesablı qalibiyyətlə “Bavariya” turnirdə yeni rekorda imza atıb: qrupda ardıcıl 11 qələbə. Bu seriya 2020/21 mövsümündə qrupun son oyununda (Moskva “Lokomotiv”i – 2:0) başlayıb.

- “Ayaks” bütün turnirlərdə keçirdiyi son 3 görüşdə 12 qol buraxıb (“Napoli” – 1:6, “Volendam” – 4:2, “Napoli” - 2:4). Amsterdamlılar bunadək sonuncu dəfə 1964-cü ilin noyabrında ardıcıl 3 matçda bu qədər top buraxmışdı (GVAV – 1:3, PSV - 5-0, “Feyenoord” - 4-9).

- “Napoli” ÇL-in qrup mərhələsinin ilk 4 oyununda ən çox qol vurma rekordunu təkrarlayıb. 2017/18 mövsümündə PSJ, 2021/22 mövsümündə isə “Bavariya” turnirin bu anına qədər rəqib qapılarından 17 top keçirmişdi.

- Qrup mərhələsinin IV turunda İspaniyanın 4 klubu da heç-heçə edib. Bənzər hal Çempionlar Liqası tarixində daha əvvəl iki dəfə yaşanıb: 1999/2000 mövsümünün III turda Almaniyanın, 2009/10 mövsümünün IV turunda isə İspaniyanın 4 komandası rəqibləri ilə bərabərə qalıb.

- “Reyncers”i 7:1 hesabı ilə məğlub edən “Liverpul” səfərdə ən çox qol vurma rekordunu təkrarlayıb. Bu, yarış tarixində 7-ci belə haldır. “Qırmızılar” bunu artıq 2017-ci ildə etmişdi (“Maribor” – 7:0). Həmçinin “Bavariya” buna 2 dəfə nail olub (2014-cü ildə “Roma”ya 7:1, 2019-cu ildə “Tottenhem”ə 7:2). Həmçinin 2010-cu ildə “Marsel”in “Jilina” üzərində 7:0, 2014-cü ildə “Lion”un Zaqreb “Dinamo”su üzərində 7:1, 2014-cü ildə Donetsk “Şaxtyor”unun BATE-yə 7:0 hesablı qələbəsi səfərdə reallaşıb.

- Pol Uonner “Bavariya”nın Çempionlar Liqası tarixində ən gənc oyunçusu (16 yaş 293 gün) olub.

- “Nou Kamp”da keçirilən “Barselona” – “İnter” (3:3) matçını 92 min 302 tamaşaçı izləyib. Bu, 2016-cı il oktyabrın 19-dan bəri Çempionlar Liqasının qrup mərhələsi oyununda ən yüksək göstəricidir. Altı il əvvəl eyni arenada keçirilən “Barselona” – “Mançester Siti” qarşılaşmasına 96 min 290 azarkeş toplaşıb.

- Dioqo Kosta (“Porto”) ÇL tarixində eyni rəqibə (“Bayer”) qarşı eyni mövsümdə 2 fərqli oyunda penaltini dəf edən ikinci qapıçıdır. Birincisi Kasper Şmeyxel (“Lester”) olub (2016/17 mövsümündə “Sevilya”ya qarşı).

- Dioqo Kosta eyni zamanda “Bayer”ə 3:0 hesabı ilə qalib gəldikləri görüşdə məhsuldar ötürmə də verib. Bununla o, Çempionlar Liqası tarixində eyni matçda həm assist edən, həm də penalti qaytaran ilk qapıçıdır. ÇL-də indiyə qədər 3 qapıçı assist etmişdi - Ulrayx (“Bavariya”. 2017-ci ildə “Seltik”ə qarşı), Ederson (“Mançester Siti”. 2019-cu ildə “Şalke”yə qarşı), Manuel Noyer (“Bavariya”. 2011-ci ildə “Benfika”ya qarşı).
 

0