Məhəmməd Salahdan 2 rekord
13.10.2022 - 09:58
Məhəmməd Salahdan 2 rekord

“Liverpul”un hücumçusu Məhəmməd Salah Çempionlar Liqasında (ÇL) iki rekorda imza atıb.

Apasport.az saytının məlumatına görə, misirli hücumçu qrup mərhələsinin IV turunda “Reyncers”lə səfər matçında buna nail olub.

30 yaşlı ulduz futbolçu komandasının 7:1 hesabı ilə qalib gəldiyi matçda 6 dəqiqə 12 saniyə ərzində rəqib qapısından 3 top keçirərək, ÇL tarixində ən sürətli het-trikin müəllifi olub. O, 2011-ci ildə “Lion”un heyətində Zaqreb “Dinamo”su (7:1) ilə qarşılaşmada 8 dəqiqə 3 saniyəyə het-trik edən Batefimbi Qomisin rekordunu yeniləyib.

Bundan başqa, Məhəmməd Salah Çempionlar Liqasında qollarının sayını 38-ə çatdırıb ki, bununla İngiltərə klublarının heyətində bu turnirdə ən çox fərqlənən oyunçu ünvanına yiyələnib. Forvard müvafiq olaraq “Çelsi” və “Mançester Siti”də 36 qola imza atan Didye Droqba ilə Serxio Aqueronun rekordunu geridə qoyub.

Qeyd edək ki, Məhəmməd Salah bu mövsüm ÇL-də 5 qolla bombardirlər sıralamasının şərikli lideridir.
 

0