Beynəlxalq turnirlərdə medal qazanan parataekvondoçularla görüş keçirilib
10.06.2026 - 15:49
Beynəlxalq turnirlərdə medal qazanan parataekvondoçularla görüş keçirilib

Azərbaycan Milli Paralimpiya Komitəsinin rəhbərliyi İtaliyanın paytaxtı Romada keçirilmiş Qran-pridə və Almaniyada baş tutmuş Prezident Kubokunda uğurla çıxış etmiş parataekvondoçularla görüş keçirib.

Apasport.az xəbər verir ki, bunu qurumun mətbuat xidməti açıqlayıb.

Milli Paralimpiya Komitəsində baş tutan toplantıda yarışlarda ümumilikdə 2 qızıl və 3 bürünc medal qazanan parataekvondoçular - İmaməddin Xəlilov, Sabir Zeynalov, Amin Əliyev, eləcə də milli komandanın baş məşqçisi Fərid Tağızadə iştirak ediblər.

Görüş zamanı idmançıların yarış təəssüratları və əldə olunan nəticələr ətrafında fikir mübadiləsi aparılıb, qarşıdakı beynəlxalq turnirlər və gələcək hədəflər müzakirə olunub. Həmçinin milli komandanın uğurlarının davamlılığının təmin edilməsi, hazırlıq prosesinin daha da təkmilləşdirilməsi və idmançıların inkişaf perspektivləri ilə bağlı məsələlərə toxunulub.

Milli Paralimpiya Komitəsinin baş katibi Toğrul Rəhimov idmançıları əldə etdikləri nailiyyətlər münasibətilə təbrik edib, onlara gələcək yarışlarda da uğurlar arzulayıb.

Görüşdə Milli Paralimpiya Komitəsi prezidentinin müşaviri Şahin Kazımzadə, İdman şöbəsinin müdiri Cavad Axundzadə və digər komitə rəsmiləri də iştirak ediblər.