Taekvondoçumuz qızıla bərabər gümüş medal qazandı! - YENİLƏNİB
08.08.2024 - 00:03
Taekvondoçumuz qızıla bərabər gümüş medal qazandı! - YENİLƏNİB

Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında taekvondo yarışlarına yekun vurulub.

Apasport.az xəbər verir ki, bu gün yarışların bütün medalçıları bəlli olub.

Əvvəlcə Qaşım Maqomedova məğlub olmuş Adrian Visente tunisli Mohamed Xalil Cendubi ilə qarşılaşıb. Cendubi 2:0 hesabı ilə (11:3, 12:1) qalib gələrək Olimpiadanın bürünc medalçısı olub.

Final görüşündə isə Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Cənubi Koreya idmançısı Park Te Conla üz-üzə gəlib. Gərgin keçən döyüşdə idmançımız zədələndiyi üçün tibbi yardım almaq məcburiyyətində qalıb.

Buna baxmayaraq, o, əzmkarlıq göstərərək görüşü sonlandırıb. Zədəsi ucbatından Park Te Cona 0:2 hesabı ilə məğlub olan (0:9, 1:13) Qaşım ölkəmizə Olimpiadanın gümüş medalını qazandırıb.

***

19:14

Taekvondoçumuz Qaşım Maqomedovun Parisdəki çıxışı davam edir.

Apasport.az xəbər verir ki, 58 kq çəki dərəcəsində mübarizə aparan idmançımız yarışların yarımfinal mərhələsində iştirak edib.

Burada təmsilçimizin rəqibi italiyalı Vito Dell'Akila olub. Gərgin keçən mübarizənin sonunda Qaşım son Olimpiya çempionuna 2:0 (9:4, 11:1) hesabı ilə qalib gələrək finala yüksəlib.

Qeyd edək ki, idmançımız final matçına bu gün Bakı vaxtı ilə saat 23:37-də çıxacaq. Onun rəqibi Cənubi Koreya təmsilçisi Park Te Cundur.

***

18:21

Fransanın paytaxtında keçirilən Yay Olimpiya Oyunlarında taekvondo yarışları davam edir.

Apasport.az xəbər verir ki, 58 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Qaşım Maqomedov yarışların 1/4 final mərhələsində görüşə çıxıb.

O, bu dəfə ispan Adrian Visente ilə qarşılaşıb. İdmançımız rəqibinə 2:0 (11:5, 13:11) hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. 

Qeyd edək ki, Qaşım Maqomedovun növbəti rəqibi italiyalı Vito Dell'Akila olacaq.

***

14:24

Parisdə keçirilən Yay Olimpiya Oyunlarında taekvondo yarışları start götürüb.

Apasport.az xəbər verir ki, 58 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Qaşım Maqomedov irlandiyalı Cek Uolli ilə üz-üzə gəlib. 

Döyüşün ilk raundunu 7:4, ikinci raundu isə 11:7 hesablı qələbə ilə bitirən idmançımız 1/4 finala vəsiqə qazanıb.

Qeyd edək ki, taekvondoçumuz növbəti mərhələdə ispaniyalı Adrian Visente ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə 17:32-də start götürəcək.
 

0