“Məni milliləşdirmək istəyindən əl çəkmirdilər” – Rusiya yığmasını Azərbaycana necə dəyişdi?
04.05.2021 - 15:12
“Məni milliləşdirmək istəyindən əl çəkmirdilər” – Rusiya yığmasını Azərbaycana necə dəyişdi?

Rusiyanın gənclərdən ibarət yığmasının sabiq həndbolçusu Mariya Raçitelyovanın sonradan Azərbaycan millisinə keçidinin təfərrüatı bəlli olub.

Apasport.az saytının məlumatına görə, bunu hazırda ABŞ-da yaşayan idmançının özü açıqlayıb.

O, Rusiya mətbuatına verdiyi müsahibədə Azərbaycan milli komandasının üzvünə çevrildiyi dönəmi xatırlayıb: “Həyat yoldaşım Nikolayla tanış olanda “Astraxanoçka”da oynayırdım. Sonra bir yerdə yaşamağa başladıq. 2016-cı ildə Rusiya çempionu olanda mənə heç bir təklif edilmədi. Həmin vaxt Azərbaycanda “Azəryol” klubu ilə bağlı variant yarandı. Bir müddət orda oynadım. Amma sonra Kolya ilə münasibətlərin daha dəyərli olduğu qənaətinə gəldim. Bu səbəbdən Həştərxana qayıtdım və fitnes məşqçisi işləməyə başladım. “Astraxanoçka”nın məşqçisi Mixail Seryoqindən formamı qorumaq üçün komanda ilə hazırlıq keçməyə icazə istədim. Çünki Azərbaycanda məni milliləşdirmək istəyindən əl çəkmirdilər. Elə alındı ki, doğma komandamla 2016/17 mövsümünün noyabrından mayınadək qısamüddətli müqavilə də bağladım”.

Mariya karyerasının ən böyük uğurunu necə qazandığını yada salıb: “Elə həmin vaxt mayın ortalarında Azərbaycan paytaxtı Bakıda İslam Həmrəyliyi Oyunları və ya bizim dediyimiz kimi İslamiada keçirilirdi. Bu, mənim karyeramda parlaq hadisə idi: möhtəşəm təşkilatçılıq, açılış və bağlanış mərasimləri, əsl Olimpiadada olduğu kimi müxtəlif qitələrdən gələn idmançılar. Həmin Azərbaycan yığmasında digər rusiyalılar da az deyildi: Yekaterina Peçe, Alla Juyjova (Çernışkova), Yekaterina Artamonova, Anna Burova, Oksana Orexova. Biz turnirdə kifayət qədər inamlı qələbə qazandıq. Finalda Türkiyə millisini məğlub etdik”.

Raçitelyova yığmamızdan necə uzaq düşməsini də xatırlayıb: “İslamiadadan sonra Azərbaycanda mənə yeni müqavilə təklif olundu. Fikirləşmək üçün bir ay vaxt istədim. Sonra məzuniyyət oldu və Kolya ilə Vyetnama uçduq. O, orada mənə evlilik təklif etdi. Toyumuzu 2018-ci ilin yayına planlaşdırdıq və mən Azərbaycan çempionatında daha bir mövsüm keçirdim. Toy səyahətini ABŞ-a getməyi öncədən planlaşdırmışdıq. İyunun 15-də ailə həyatı qurduq. Üç gün sonra Nyu-Yorka yollandıq. Orada qalmağa qərar verdikdən sonra Los-Ancelesdə məskunlaşdıq”.

Mariya ən böyük nailiyyətindən də bəhs edib: “Bəlkə də kimisə təəccübləndirər. Amma ən böyük nailiyyətim kimi Azərbaycan yığması ilə İslamiadanın qalibi olmağı hesab edirəm. Onda mən özümü komandaya həqiqətən də az fayda verməyən vacib həndbolçu hiss edirdim. “Astraxanoçka” ilə Rusiya çempionatının qızıl medalını qazananda belə emosiyalar yox idi. Çünki çox az oynayırdım”.

Karyerası ərzində çalışdığı üç ən yaxşı məşqçidən danışan həndbolçu Azərbaycan millisinə rəhbərlik etmiş Georgi Voronovu da qeyd edib: “Əslən Zaporojyeli olan mütəxəssis uzun illər Azərbaycanda, o cümlədən qalibi olduğumuz İslamiadada millidə çalışıb. Birgə işlədiyimiz qısa müddətdə Voronov mənə çox şey verdi. O, məndə çatışmayan vacib oyun həqiqətləri ilə bağlı problemimi yoluna qoydu, mənə güvəndi. Biz birgə çalışdıq. Hətta elə olurdu ki, onun nəzarəti altında komanda məşqini mən keçirdim. ABŞ-a köçməyə hazırlaşanda Voronov uzun müddət məni fikrimdən daşındırmağa çalışdı ki, bir az da oynayım. Sonra isə mənə uğurlar arzuladı”.


 

0