Azərbaycanın voleybol yığması Avropa çempionatına Bakıda İsraillə birgə hazırlaşacaq
29.03.2008 - 16:24
Azərbaycanın voleybol yığması Avropa çempionatına Bakıda İsraillə birgə hazırlaşacaq
Bakı. Kənan Həsənov-APA-Sport. Azərbaycanın qadınlardan ibarət voleybol üzrə milli komandası Avropa çempionatının seçmə qrup mərhələsinə İsrail yığması ilə hazırlaşacaq. Bu haqda “APA-Sport” agentliyinə Voleybol Federasiyasının mətbuat katibi Zöhrab Gözəlbəyli məlumat verib. Onun sözlərinə görə, bununla bağlı İsrail Voleybol Federasiyasının razılığı alınıb. İsrail millisi aprelin əvvəlində Bakıya gələcək. Faiq Qarayevin rəhbərlik etdiyi komandamızın israillilərlə bir neçə yoxlama oyunu keçirəcəyi planlaşdırılıb.
Qeyd edək ki, voleybolçularımız qrup mərhələsində Rumıniya, İspaniya və Makedoniya-İslandiya görüşünün qalibi ilə qarşılaşacaq. Reqlamentə əsasən, qrup birincisi Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacaq. İkinci yeri tutan komanda isə bu hüququ əldə etmək üçün F qrupunda ikinci olan yığma ilə oynayacaq.
0