Azərbaycanın ən gözəl voleybolçusu İtaliyada
13.03.2009 - 17:54
Azərbaycanın ən gözəl voleybolçusu İtaliyada
Azərbaycanın ən gözəl voleybolçusu, milli komandamızın və Türkiyənin “Fənərbaxça Acıbadem” klubunun liberosu Valeriya Korotenko İtaliyanın Novara şəhərinə yollanıb. Apasport.az saytının məlumatına görə, Apennin yarımadasına səfərdə məqsəd Avropa Voleybol Konfederasiyasının kuboku uğrunda yarışın “Dördlər finalı”na qatılmaqdır.

Tarixində ilk dəfə “Dördlər finalı”na vəsiqə qazanan İstanbul təmsilçisi sabah Bakı vaxtı ilə saat 21:00-da birinci görüşünə çıxacaq. Korotenko ilə yanaşı, daha bir voleybolçumuz Oksana Parxomenko da “Fənərbaxça Acıbadem”ə yerli “Asistel”lə qarşılaşmada yardımçı olacaq.

Bu mərhələnin digər cütlüyündə “Uraloçka” (Rusiya) “Rote Raben”i (Almaniya) sınağa çəkəcək. Qaliblər 1-ci, məğlublar isə 3-cü yer uğrunda mübarizə aparacaqlar. “Dördlər finalı”nın qalibi martın 15-də müəyyənləşəcək.

“Fənərbaxça Acıbadem”in üzvləri İtaliyaya nikbin əhval-ruhiyyədə gediblər. Komandanın belçikalı baş məşqçisi Yan De Brandt iddialı danışıb: “İtaliyan rəqibimizi izləmişəm, güclü heyətə malikdir. Həm də doğma divarlar arasında oynayacaqlar. Bu, onlara əlavə üstünlük verir. Ancaq bəzən üstünlüklər əks effekt yaradır. Çünki biz də iddialıyıq. Əgər ilk görüşdə uduzsaq, bürünc medal üçün oynayacağıq. 3-cü və 4-cü yer arasında çox böyük fərq var”.

Bu tarixi yarışa yollanmamışdan öncə “Fənərbaxça Acıbadem”in xanım voleybolçuları fotoqrafları da unutmayıblar. Onlar fotoobyektiv önünə keçərək, xatirə şəkli çəkdiriblər.
0