“Nişanlım məndən daha yaxşı yemək bişirir”
03.04.2009 - 17:18
“Nişanlım məndən daha yaxşı yemək bişirir”
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Valeriya Korotenko şərəfini qoruduğu “Fənərbaxça” klubunun jurnalına müsahibə verib. Dərginin əməkdaşı Valeriyanın İstanbulda nişanlısı Nicat Məmmədovla birgə yaşadığı evə baş çəkib. Tanışlıqdan sonra onlar şəhərin gəzməli yerlərinə çıxıblar.

Müsahibə də elə şəhərdə gerçəkləşib. Özü də Korotenko ilə jurnalistin ünsiyyət qurmasına “Fənərbaxça”dakı digər həmyerlimiz Oksana Parxomenko yardımçı olub. O, ruscadan türkcəyə tərcüməçilik funksiyasını öz üzərinə götürüb. Apasport.az saytı bu maraqlı müsahibəni sizlərə təqdim edir.


- Voleybol oynamağa nə vaxt başlamısınız? Necə oldu ki, peşəkar voleybolçu olmaq qərarına gəldiniz?
- Mən 1984-cü il yanvar 25-də Bakıda doğulmuşam. 1993-cü ildə oxuduğum məktəbin voleybol komandasında oynamağa başladım. 2000-ci ildə isə peşəkar voleybolçu olmaq qərarına gəldim. O gündən bəri formasının geyindiyim komandalarını ən yaxşı şəkildə təmsil etmək çalışıram.

- “Fənərbaxça Acıbadem” klubuna gəlişinizdən danışa bilərsinizmi?
- Bu komandaya Oksana ilə birlikdə transfer olduq. Keçmiş klubumdakı baş məşqçimiz bizə “Fənərbaxça Acıbadem” sizi istəyir” dedi. Bizə təklif gələndə komandamız Çempionlar Liqasında mübarizəni dayandırmışdı. Aradan bir neçə ay keçdikdən sonra baş məşqçimiz dedi ki, əgər istəyirsinizsə, “Fənərbaxça Acıbadem”ə gedə bilərsiniz. Biz də bu komandaya keçdik.

- Bir neçə il əvvələdək “Fənərbaxça Acıbadem” Türkiyə çempionatının ikinci liqasında iştirak edirdi. Ancaq indi Avropanın ən güclü üçüncü klubudur. Sizcə, komandaya belə uğur qazanmasının sirri nədir?
- “Fənərbaxça” çox böyük klubdur. Qadınlardan ibarət voleybol komandası 2005/06 mövsümündə birinci liqaya vəsiqə qazanıb. Həmin vaxtdan əvvəl ola bilər ki, rəhbərlik voleybolla bir o qədər diqqət göstərməyib. Lakin hazırda klub rəsmiləri voleybola böyük önəm verirlər. Buna görə də komandamız ildən-ilə yüksəlişə nail olur. Avropa Voleybol Konfederasiyasında qazandığımız üçüncü yer son uğurumuz olmayacaq. Qarşıdakı illərdə daha yaxşı olacağımıza inanıram.

- “Fənərbaxça Acıbadem”i mövsümün əvvəlində başqa məşqçi çalışdırırdı. Daha sonra onun yerinə Yan De Brandt gətirildi. Brandtın təyinatı komandanın çıxışına necə təsir göstərib?
- Mövsümün başlanğıcında baş məşqçimiz Üzeyir Özdurak idi. Onun oyun sistemi fərqli idi. Yan De Brandt gəldikdən sonra isə həm oyun, həm də məşq sistemi tamamilə dəyişdirildi. Daha sürətli və fərqli tempdə oynamağa başladıq. Nəticədə qazandığımız uğurlar da artdı.

- Türkiyə çempionatında pley-off oyunları başlayır. Komandanın şansını necə dəyərləndirirsiniz?
- Klubumuz pley-off mərhələsində tam gücü ilə oynayır. Avropa Voleybol Konfederasiyasının yarışında 3-cü, Türkiyə kubokunda isə 2-ci olduq. Artıq Türkiyə çempionu olmağımız gərəkdir. Buna inanırıq.

- Avropa Voleybol Konfederasiyasının yarışında və Türkiyə çempionatında bir sıra mükafatlar qazanmısınız. Bu uğuru nə ilə əlaqələndirərdiniz?
- Bu, təkcə mənim uğurum yox, həm də komandanın nailiyyətidir. Çünki mən təkbaşına yaxşı oynasam, komanda yoldaşlarım isə pis çıxış etsələr, belə uğura nail olmaq mümkün deyil. Eyni zamanda, məşqçilərimizə də təşəkkürümü bildirirəm.

- Azarkeşlər sizə böyük maraq göstərirlər. Onların sizə münasibəti haqqında nə deyə bilərsiniz?
- Fanatların məni bəyəndiyini bilirəm. Tribunada mənə dəstək göstərirlər. Həm də hər voleybolçunu sevən azarkeşlər var. Bəziləri birini bəyənir, bəziləri isə yox. Amma ən önəmlisi “Fənərbaxça”nın azarkeşlər tərəfindən dəstəklənməsidir. Fanatlar da bunu çox yaxşı edirlər.

- Sizin kimi voleybolçuların ailələrində bir və bir neçə başqa idmançı da olur. Bəs sizin ailənizdə vəziyyət necədir?
- Anam və atam idman adamları deyil. Lakin nişanlım Nicat Məmmədov idmanla məşğuldur. Uzun müddət voleybol oynayıb, amma böyük komandalarda çıxış etməyib. Həm voleybol, həm də cüdo ilə məşğul olur.

- İlk dəfədir ki, Azərbaycandan belə uzun müddət ayrı qalmısınız. İstanbulda yaşamaq necədir?
- İstanbul tək yaşamaq çox çətindir. Xüsusilə də birinci il ailəm burada olmadığı üçün çətinliklərlə üzləşdim. Ancaq insan tədricən, hər şeyə olduğu kimi, buna da öyrəşir.

- Hazırda karyeranda yüksəliş dövrünü yaşayırsınız. Gələcəklə bağlı hər hansısa planınız varmı?
- Əgər mümkün olsa, gələn il “Fənərbaxça”da qalacağam. Bu komandanın heyətində daha çox qələbə qazanmaq və qitə miqyaslı yarışlarda uğura imza atmaq istəyirəm.

- Bəs nişanlınla nə vaxt evlənməyi düşünürsünüz? Harada yaşayacağınıza qərar vermisinizmi?
- Nicatla yaxın 1 il yarımda evlənəcəyəm. Harada yaşayacağımız barədə isə hələlik qərar qəbul etməmişik. Bunu zaman göstərəcək.

- Komanda mövsüm ərzində çox gərgin qrafikdə olur. Səfər oyunlarına, müxtəlif yarışlara görə evdə az olursunuz. Özünüzə vaxt ayıra bilirsinizmi?
- Açığı, evdə çox az vaxt keçirirəm. Buna görə də icazəli günlərimi və boş vaxtlarımı evdə oluram. Televizora baxıram. Asudə vaxtlarımda itimlə - “Maylo” ilə “Fənərbaxça” parkında gəzirik.

- “Maylo”dan başqa saxladığınız ev heyvanı varmı?
- Mənim Bakıda daha iki itim var. “Maylo” indi 8 aylıqdır, biz onu 1 ay öncə almışıq. Çox sevimli və duyumlu heyvandır.

- Türkiyəyə gələnədək fərqli bir mətbəxdən yararlanmısınız. İstanbuldakı yeməkləri necə, bəyənirsinizmi?
- Türk yeməklərini sevirəm, xüsusilə, nişanlımla sosisləri çox xoşlayırıq. Evdə olduğum vaxtlarda, yemək bişirirəm. Ancaq düzü, Nicat məndən daha yaxşı yemək bişirir.
0