“Rabitə” üçüncü, Natalya Məmmədova ən yaxşı oldu
04.10.2010 - 10:23
“Rabitə” üçüncü, Natalya Məmmədova ən yaxşı oldu
Türkiyənin Samsun şəhərində keçirilən voleybol üzrə qadınlar arasında “Errea Cup” turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, 2 gün davam edən yarış “Rabitə” və “İqtisadçı” üçün uğursuz olub.

Belə ki, birinci görüşdə Super Liqanın qalibi “Vakıfbank Günəş Sığorta” ilə üz-üzə gəlib. Dejan Brdjoviçin yetirmələri ilk 2 hissədə məğlubiyyətdən sonra fərqi minumuma endirsələr də, dördüncü setdə rəqib oyunun hesabını müəyyənləşdirib – 3:1 (25:21, 25:18, 17:25, 25:22).

“Rabitə”nin ardınca “İqtisadçı” da Rəşad Yazıçıoğullarının rəhbərliyi altında ilk görüşünü məğlubiyyətlə başa vurub. “Əczaçıbaşı” ilə qarşılaşan Azərbaycan çempionatının bürünc mükafatçısı 4-cü setdə hissələrdə bərabərlik yaratsa da, həlledici setdə türkiyəlilər qələbə qazanıblar – 3:2 (25:15, 25:23, 19:25, 22:25 15:11).

Reqlamentə əsasən, ilk görüşlərdə qalib gələn Türkiyə klubları finalda, Azərbaycan komandaları isə üçüncü yer uğrunda mübarizə aparıblar. “Əczaçıbaşı” həlledici görüşdə “Vakıfbank Günəş Sığorta”ya 3:2 (25-21, 22-25, 25-23, 17-25, 15-9), “Rabitə” isə bürünc medal uğrunda “İqtisadçı”ya 3:1 (25-8, 25:14, 22-25, 25-12) hesabı ilə qalib gəlib.

Sonda “Rabitə”də çıxış edən Azərbaycan yığmasının üzvü Natalya Məmmədova turnirin ən yaxşı hücumçusu seçilib. Dejan Brdjoviçin digər yetirməsi İrina Jukova isə “Errea Cup”ın ən yaxşı toppaylayıcısı adını qazanıb.

Qeyd edək ki, “Rabitə” və “İqtisadçı” Türkiyədə tam heyətlə mübarizə aparmayblar.
0