“Hər şey elə tez baş verdi ki, mən heç nə anlamadım”
31.01.2011 - 11:11
“Hər şey elə tez baş verdi ki, mən heç nə anlamadım”
“Mən çox şadam. Buna görə hisslərimi sözlə ifadə edə bilmərəm. Hər şey elə tez baş verdi ki, mən heç nə anlamadım. Həyatımda yeni çağırışlara hazır olmalıyam. Bu mənim karyeramda dönüş nöqtəsidir”. Bu sözləri apasport.az saytına açıqlamasında yığmamızın voleybolçusu Natəvan Qasımova deyib.

Milli komandamızın üzvü İtaliyanın “Skavolini” komandasına transfer olunub. Klubun düşərgəsinə yollanan Qasımova bildirib ki, Pesaroda özünü doğrultmağa çalışacaq: “Mən idman həyatıma ölkəmizin flaqmanı hesab edilən Bakının “Azərreyl” klubunda başlamışam. Bu 8 il ərzində xoş anlarımız çox olub. İndi isə mən doğma klubumu tərk edirəm və həyatımda yeni səhifə açıram. Bu “Skavolini”yə keçidimlə bağlıdır. Pesaro təmsilçisi müasir voleybolda ən yaxşı komandalardan biridir. Onlar 3 dəfə dalbadal A seriyasının qalibi olub və mən onları daha yüksəklərə aparmaq üçün transfer olunmuşam. Fikrimcə, “Skavolini”nin nə qədər böyük komanda olmasını başa düşmək üçün bu yetərlidir. Yeni komandam çox peşəkar klubdur. Mən ümid edirəm ki, bu mənə yığmamızda bizim dahi məşqçimiz Faiq Qarayevlə və güclü oyunçularla birlikdə ən böyük məqsədlərə çatmaqda kömək edəcək”.

Mövsümün sonunacan İtaliya klubunun şərəfini qoruyacaq toppaylayıcımız Apennin yarımadasında yollanmasında köməyi olan hər bir şəxsə minnətdarlıq edib: “Ümid edirəm ki, “Skavolini”yə uzun marafonda - A seriyasında və Çempionlar Liqasında kömək edə biləcəyəm. Məşqçi və voleybolçularla dost olmağımda da heç bir problem olmayacaq və bu bizim uğur qazanmağımızda mühüm rol oynayacaq. Mənim bu səviyyəyə çatmağımda əziyyətləri olan - Azərbaycan Voleybol Federasiyasının prezidenti Ziya Məmmədova, sabiq klubum “Azərreyl”in rəhbərliyinə və yığmamızın məşqçisi Faiq Qarayevə minnətdaram. Bununla yanaşı, yeni komandamın rəhbərliyinə də mənə etimad göstərdiyi üçün təşəkkür edirəm”.

Xatırladaq ki, “Skavolini” Çempionlar Liqasında Bakının “Rabitə” klubu ilə eyni qrupda yer almışdı. Onlar seçmə mərhələdə Azərbaycan çempionundan sonra – 2-ci olsalar da, pley-offda çıxışlarını davam etdirirlər. Qasımovanın yeni komandası bu matçda yığmamızın kapitanı Oksana Parxomenkonun şərəfini qoruduğu Moskva “Dinamo”su ilə qarşılaşacaq.
0