Yığmamızın üzvləri avrokuboklarda
18.11.2011 - 00:20
Yığmamızın üzvləri avrokuboklarda
Kişi basketbolçulardan ibarət klubların iştirak etdiyi avrokuboklara start verilib. Azərbaycan yığmasının bəlli turnirdə iştirak edən amerikalı legionerləri - Çarlz Devis və Spenser Nelsonun hazırda formasını geyindiyi Türkiyə klubları yarışa qələbə ilə başlayıblar.

Çarlzın şərəfini qoruduğu "Banvit" "doğma divarlar" arasında Almaniyanın "Flaport" klubunu minimal hesabla məğlub edib - 73:72. Bu oyunda 18 dəqiqə meydanda olan Çak dəqiq atışları ilə komandasının aktivinə 9 xal yazdıra bilib ki, bu "Banvit"in qalib gəlməsində mühüm rol oynayıb.

Nelsonun forma geyindiyi "Qran Kanarya" isə evdə Rusiya "Lokomotiv"ini daha fərqli hesabla udub - 84:76. Həmin oyunda 25 dəqiqə meydanda olan legionerimiz komandasının aktivinə 13 xal yazdırıb.
Yığmamızın mərkəz oyunçusu olan Aleksandr Rındinin hazırda forma geyindiyi "Surqut Universitet" klubu Rusiya çempionatının ikinci dəstəsinin 10-cu turu çərçivəsində "Ruslan Mordoviya" klubu ilə qarşılaşmada 10 xal fərqiylə məğlubiyyətə uğrayıb - 59:69. Cəmi 9 dəqiqə meydanda olan Rındin komandasının aktivinə cəmi 3 xal yazdıra bilib. Bu onun yeni klubunda ilk xalları olub. Bəlli məğlubiyyətdən sonra Rındinin komandası 5-ci pilləyə düşüb. Klub növbəti turda "Soyuz Zareçye" ilə qarşılaşacaq.

Azərbaycan yığmasının daha bir üzvü, Ukrayna çempionatında çıxış edən Rolands Əliyevin şərəfini qoruduğu "Buduvelnik" klubu isə 11-ci tur çərçivəsində səfərdə "Ferro"nu udub - 78:70. Azərbaycanlı basketbolçu həmin matçda 9 dəqiqə oynayıb və aktivinə 2 xal yazdırıb. Hazırda 10 qələbə ilə yarış cədvəlinə liderlik edən "Budevelnik" növbəti turda "Donetskiy" klubunu sınağa çəkəcək.
0