Oksana Parxomenko: Biz onları təəccübləndirə bilərik
18.11.2011 - 15:46
Oksana Parxomenko: Biz onları təəccübləndirə bilərik
“Yenidən Çempionlar Liqasında mübarizə aparacağımız üçün çox şadıq. Bu mötəbər yarışda rəqabət həddən artıq güclüdür və turnirdən yüksək nəticələr gözləyirik”. Apasport.az saytının məlumatına görə, bunu “Azərreyl”in kapitanı Oksana Parxomenko deyib.

Təcrübəli toppaylayıcı Çempionlar Liqasında iştirakları ilə bağlı fikirlərini açıqlayıb. O, ənənəvi keçirilən mətbuat konfransında hədəfləri və rəqibləri barədə belə deyib: “Qrup mərhələsini keçmək istəyiriksə, hər bir matçda diqqətli olmalıyıq. Rəqiblərimizin hər birinə hörmətlə yanaşırıq. Amma biz Rumıniya təmsilçisi “Tomis”lə keçirəcəyimiz hər 2 matçda qələbə qazanmalıyıq. İtaliya “Foppapedretti”si turnirdə favoritlərdən biridir. Lakin biz onları təəccübləndirə bilərik. Türkiyənin “Vakıfbank TTelekom” komandasına gəldikdə, fikrimcə, onlar da məğlubedilməz deyillər. Onlar az öncə Qətərdə başa çatan klublararası dünya çempionatında “Rabitə”yə uduzublar. Buna görə də həmyerlilərimiz kimi çıxış edərək, qalib gəlməyə çalışacağıq”.
0