“Azərbaycana mütləq qayıdacam”
21.11.2011 - 14:50
“Azərbaycana mütləq qayıdacam”
Bakının “İqtisadçı” klubunun sabiq voleybolçusu Yaima Ortisin apasport.az saytına eksklüziv müsahibəsi

- Bakını tərk etməyiniz gəlişiniz kimi gözlənilməz oldu. Yeni klubunuzda işləriniz necə gedir?
- Hamı yaxşı bilir ki, hər bir oyunçu yaxşı təkliflər alır. Mənə də bu sərfəli təklif Moskva “Dinamo”sundan gəldi və belə möhtəşəm komandanın bir hissəsi oldum. Sözün düzü, “İqtisadçı” rəhbərliyi qətiyyətini nümayiş etdirdi və məni saxlamaqda israrlı idi. Orada qalmağımda heç bir çətinlik yox idi. Çünki mövsüm başa çatdıqdan sonra onlar mənimlə müqaviləni uzatmaq istəyirdilər. Ancaq mən Çempionlar Liqasında oynayan komandaya keçməyi daha üstün tutdum.

- “İqtisadçı”da oynadığınız zaman ağır zədə aldınız. Yəqin ki, ölkəmizi tərk etməyinizdə bunun da az rolu olmayıb...
- Bəli, mən Azərbaycanda ciddi zədələndim. Topuğumdan ağır xəsarət aldım, baş verənlərdən çox təsirləndim. Həmin zaman tam formada olduğumu hiss edirdim və yeni komandama daha çox faydalı olmaq istəyirdim. Çünki Rusiyada Azərbaycana yollanarkən çox şad idim ki, “İqtisadçı”ya əla formada gedirəm. Ancaq bu anda əzələ bağlarım 3 yerdən qırıldı. Həmin günlərimi sözlə ifadə etmək mümkün deyil, çox qəmgin idim. İndi isə tam sağalmışam və ağır günlərimi arxada qoymuşam. İnanıram ki, tezliklə ən yüksək formada olduğumu azarkeşlər də görəcək.

- Siz “İqtisadçı”nın sabiq baş məşqçisi Jan de Brandtın 2 transferindən biri idiniz. Bəlkə onun gedişindən sonra komandada qalmaq istəmədiniz?
- Belçikalı mütəxəssisdən imtinanın təsirini tək mən yox, hamı hiss etdi. Jan dahi məşqçi və möhtəşəm insandır.

- Onunla yenə də əlaqələriniz varmı?
- Yox, birbaşa əlaqə saxlamırıq. Yalnız bir-birimizin facebook səhifələrinə arabir nəsə yazırıq.

- Siz “İqtisadçı” ilə Azərbaycan Super Liqasının bürünc mükafatını qazandınız. Ümumiyyətlə, çempionatımızı necə təhlil edərsiniz?
- Super Liqa çox yüksək səviyyədədir. Burada cəmi 6 klub mübarizə aparsa da, bu, marağı azaltmır. Çünki oyunlar çox gərgin və maraqlı keçir. Bundan əlavə, legioner limitinin olmaması Super Liqanın səviyyəsinin çox yüksəyə qalxmasına imkan verir.

- Növbəti mövsümlərdə sizi yenidən Azərbaycan komandalarında görə bilərikmi? Bu haqda heç fikirləşmisinizmi?
- Açığını deyim ki, mən nə vaxtsa mütləq Azərbaycana qayıdacağam. Çünki Bakını çox bəyənib və sevmişəm.

- Belə çıxır ki, paytaxtımız sizdə xoş təəssüratlar yaradıb?
- Azərbaycan və onun paytaxtı Bakı bütün mənalarda çox inkişaf edib. Belə bir şəhəri sevməmək mümkün deyil.

- Onda burada olduğunuz vaxt boş vaxtlarınızı səmərəli keçirirmisiniz...
- Bakıda olduğum vaxt günümü əsasən komanda yoldaşlarımla keçirirdim. Elə orada ən yaxın rəfiqəm, ispaniyalı Marisa Fernandesə də çox vaxt ayırırdım. Bunda onunla eyni dildə danışmağımızın da rolu böyük idi. İngilis dilini o qədər yaxşı bilmədiyimdən yalnız doğma dilimdə ünsiyyət qurmaq üçün Marisa ən ideal variant hesab olunurdu.

- Bəs ailəniz yanınızda deyildi?
- Ailəm Kubada yaşayır. Mən isə Bakıda özümü tənha hiss edirdim. Çünki valideynlərim heç vaxt mənim voleybol həyatımı dəstəkləməyib. Hətta vətənimdə oynadığım vaxtlarda da onlardan lazımı köməkliyi almamışam.

- “İqtisadçı” ilə hazırda maraqlanırsınızmı? Hazırda bu komandada əlaqə saxladığınız kimsə qalıbmı?
- Mənim orada rəfiqəm qalmayıb. Çünki artıq Fernandes də klubu tərk edib. Lakin Bakıda sizin kimi voleyboldankənar dostlarım kifayət qədərdir. Onlar vasitəsi ilə Super Liqa barəsində məlumatlar alıram. Bilirəm ki, yeni mövsüm daha güclü olacaq və “İqtisadçı” tarixində ilk dəfə CEV kubokuna qatılacaq.

- Azərbaycan klublarının avrokuboklardakı uğurları barədə nə deyə bilərsiniz?
- Düşünürəm ki, avrokuboklar klublar üçün ən yüksək zirvədir. Azərbaycan komandaları da bu yarışlarda çox uğurla çıxış edir və Avropanın aparıcılarından hesab olunur. O ki, qaldı “Rabitə”yə, bu, komandanın dünya çempionu olmağı hər şeyi deyir. Bu reallığa şərh verməyə də ehtiyac görmürəm. Bu komandaya qarşı Çempionlar Liqasının “Dördlər finalı”nda oynamağı çox arzulayıram. Hər halda, “Dinamo”nun da əsas hədəfi bu mərhələyə yüksəlməkdir. Bakıda hər kəsə salamımı çatdırıram və bütün klublara nailiyyətlər arzulayıram.
0