Svetlana İliç: “Azərreyl” belə oynasa, “Dördlər finalı”na yüksələcək
09.02.2012 - 00:02
Svetlana İliç: “Azərreyl” belə oynasa, “Dördlər finalı”na yüksələcək
“Rəqibimizin səviyyəsi bizdən üstündür. Onlar bu gün də nəyə qadir olduqlarını nümayiş etdirdilər. Mənim bunun üçün “Azərreyl”ə paxıllığım tutur”. Apasport.az saytının məlumatına görə, bunu “Volero” (İsveçrə) voleybol klubunun baş məşqçisi Svetlana İliç deyib.

O, qadın voleybolçular arasında Çempionlar Liqasının 1/8 final mərhələsində “Azərreyl”lə cavab oyunu barədə fikirlərini açıqlayıb. İliç 0:3 hesabı ilə uduzduqları görüşdə yetirmələrinin zəif olduğunu bildirib: “Rəqibimiz hər 2 oyunda güclü olduğunu sübut etdi. Komandamın oyunu bu dəfə demək olar ki, alınmadı. Bu da özünü hesabda göstərdi. “Azərreyl”ə növbəti mərhələdə uğurlar arzulayıram”.

Təcrübəli mütəxəssis 1/4 finalda da “Azərreyl”in inamlı oyununa ümid bəsləyir. Belə ki, “dəmiryolçular” növbəti mərhələdə çox güman Kazan “Dinamo”su ilə qarşılaşacaq. İlk matçda səfərdə “Dresdner”ə qalib gələn rusların evdə bu üstünlüyü əldən verəcəkləri inandırıcı deyil. İliç də məhz 1/4 finalda “Azərreyl”in “Dinamo” ilə qarşılaşacağını və bu klubların səviyyəsinin bərabər olduğunu deyib: “Hər 2 komanda eyni gücdədir. Bundan sonrakı mərhələlərdə komandalar hamısı səviyyəlidir. “Azərreyl” ruslara qarşı bu günki oyununu göstərərsə, “Dördlər finalı”na yüksələ biləcək”.

Qeyd edək ki, “Azərreyl” ilk oyunda 3:1 hesabı ilə qələbə qazanıb.