Azərbaycanın daha bir komandası dağılır
09.02.2012 - 13:55
Azərbaycanın daha bir komandası dağılır
“Qaradağ Sement” ASC həndbolçu qadınlardan ibarət “Qaradağ” klubunu maliyyələşdirməkdən imtina edib. Bu haqda Lent.az-a klubun prezidenti, olimpiya çempionu Lyudmila Şubina məlumat verib. O bildirib ki, bu qərar şirkət rəhbərliyində edilən dəyişiklikdən sonra qəbul olunub. Yeni direktor borclarının olduğunu əsas gətirib.

Şubina klubun fəaliyyətini dayandırma təhlükəsi ilə üzləşdiyini vurğulayıb. O, fevralın 10-da yeni sponsorla nəzərdə tutulan danışıqların müsbət nəticələnəcəyinə ümid bəslədiyini söyləyib: “Həmin şəxs dövlət məmurudur. Amma hələlik adını açıqlamaq istəməzdim. O, kömək etmək istədiyini, amma hazırda bütün diqqətlərini Yay Olimpiya Oyunları və “Eurovision-2012” Beynəlxalq Mahnı Müsabiqəsinə yönəltdiklərini bildirir. Ümid edirəm ki, sabahkı görüşdən müsbət nəticə əldə edəcəyik”.

Olimpiya çempionu məsələdən Azərbaycan Həndbol Federasiyasının prezidenti, sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin də məlumatlı olduğunu vurğulayıb. Onun sözlərinə görə, Babayev yaxın vaxtlarda ölkə həndbolundakı problemləri müzakirə etmək üçün toplantı keçirəcəyini deyib. Şubina bildirib ki, hazırda federasiya yığma komanda və onun bazasında yaradılan ABU klubuna daha çox diqqət ayırır: “Biz də son vaxtlar məşqlərimizi “ABU-Arena”da keçirirdik. Buna görə federasiya rəhbərliyinə minnətdaram”.

Qeyd edək ki, “Qaradağ” indiyədək 1 dəfə Azərbaycan çempionu və beynəlxalq turnirlərin qalibi olub, ölkəmizi Avropa kuboklarında təmsil edib. 2 il öncə Azərbaycanın kişi həndbolçulardan ibarət milli komandası dağılıb. Hazırda ölkəmizi beynəlxalq miqyasda 21 yaşlılardan ibarət yığma təmsil edir.