Bülənt Karslıoğlu: Bundan narahat olmayın
16.02.2012 - 18:00
Bülənt Karslıoğlu: Bundan narahat olmayın
“İqtisadçı” voleybol klubunun baş məşqçisi Bülənt Karslıoğlunun apasport.az saytına müsahibəsi

- “İqtisadçı” CEV kuboku ilə vidalaşdıqdan sonra yavaş-yavaş oyununu tapmağa başlayır. Hazırda komandanızın vəziyyətini necə dəyərləndirərsiniz?
- Hər şey qaydasındadır. Hansısa ciddi problemimiz yoxdur. Əsas məqsədimiz yalnız yaxşı oynamaqdır.

- Heyəti siz formalaşdırmamısız. Ancaq komandaya gəlişinizdən sonra hər 2 oyunda layiqli qələbə qazandınız. Bunu nə ilə əlaqələndirdiniz?
- Mən hələlik heyətdəki voleybolçuları sınayıram. Heyətimiz genişdir. Yaxşı oynamağın yollarını tapmaq lazımdır. Bunun üçün də ehtiyatda olan və “12-liyə” düşməyən oyunçuları da sınaqdan keçirirəm. Tezliklə lazımı komandanı formalaşdırıb, xallar qazanmağa davam edəcəyik. Yəni, mən yalnız klubda olan voleybolçularla kifayətlənəcəyəm.

- Kluba gəlişiniz isə gözlənilməz oldu...
- Menecerim Tunc Afşar bildirdi ki, belə bir komanda baş məşqçi axtarışındadır. Danışdıq və razılaşdıq. Təbii ki, gələndə artıq komanda CEV kubokunda mübarizəni dayandırmışdı və yalnız daxili çempionatda oynayacağımızı bilirdim.

- “İqtisadçı” son 2 mövsümdə Super Liqanı 3-cü yerdə baş vurub. Bəs klub rəhbərliyi ilə danışıqlarınızda qarşınıza hansı məqsəd qoyulub?
- İlk növbədə əsas məqsədimiz pley-off mərhələsinə yüksəlməkdir.

- Bəs mükafatçılar sırasına düşmək...
- Biz bütün oyunlara qalib gəlmək üçün çıxacağıq. Hər şeyin ən yaxşısını etməyə çalışacağıq. Hələ ki, bütün diqqətimiz uyğunlaşmağa və lazımı sistemi qurmağa yönəlib. Gələcəyin komandasını yaratmaq istəyirik.

- Ötən mövsüm həmyerliniz Rəşad Yazıçıoğulları da “İqtisadçı”nı çalışdırıb. Bu klubu seçərkən, onunla məsləhətləşdinizmi?
- Xeyr. Bu barədə heç bir söhbətimiz olmayıb.

- Gələcəyin komandasını yaratmaq istədiyinizi bildirdiniz. Amma səhv etmiriksə, müqavilənizin müddəti mövsümün sonuna kimidir...
- Düzdür, müqaviləni mövsümün sonuna kimi imzalamışıq. Lakin söhbətimiz olub ki, il başa çatdıqdan sonra yenidən masa arxasına keçək. Bütün bunlara mövsümün sonunda aydınlıq gələcək.

- Siz Türkiyə klublarında da çalışmısınız. Ölkənizin çempionatı ilə Super Liqamızı necə müqayisə edərdiniz?
- Öncədən deyim ki, Avropada ən güclü çempionatı olan 4 ölkə var. Bunlar Azərbaycan və Türkiyə ilə yanaşı, İtaliya və Rusiyadır. Məhz bu ölkələrin klubları ən güclü voleybolçuları heyətlərində cəmləşdiriblər və görüşlər çox gərgin keçir. 2 çempionat arasında əsas fərq isə Türkiyədə legioner limitini 2-yə endirilməsidir. Azərbaycanda bu limit yoxdur. Yəni, hər 2 ölkənin çox güclü komandaları var və Avropada adlarından söz etdirə bilirlər.

- Bu sualı verməkdə məqsədimiz “İqtisadçı”nın Türkiyədə oynamaq gücündə olub-olmadığını öyrənmək idi...
- Təbii ki, mənim klubum bu çempionatda mübarizə apara bilər. Düzdür, hər 2 yarış fərqli sistemlə keçirilir. Lakin “İqtisadçı” Türkiyədə oynayarsa, ilk “4-lükdə” yer almaq gücündədir.

- Sabah sizi Super Liqada çətin matç gözləyir. Komandanız son Azərbaycan çempionu “Rabitə” ilə qarşılaşacaq. “İqtisadçı” rəhbərliyiniz altında üçüncü qələbəsini qazana biləcəkmi?
- Heyətimizi formalaşdırmağa çalışırıq. Yenə deyim ki, hələ məqsədimiz komanda oyununu tapmaqdır. Hazırlıq dövründə təlim-məşq keçdikdən sonra çempionata başlamaq lazımdır. Komandalar adətən mövsümöncəsi belə edirlər. Mən isə bu işləri rəsmi oyunlarda görməli oluram. Yəni komandamın bəlli bir standartda oynamasına çalışıram. “Rabitə” ilə oyuna gəlincə, onların gücü bəllidir. Amma bizi rəqibdən çox özümüzün necə oynayacağımız maraqlandırır. Hazırda bu haqda fikirləşirik. Çünki sonda xallarımızı artırıb, pley-off çıxmağımız lazımdır. Bir sözlə, davamlı bir tempdə oynamaq istəyirik. İnşallah, qarşıdakı oyunlarda daha yaxşı çıxış edib, sabit komanda yaratmağı planlaşdırırıq.

- Onu da nəzərə almaq lazımdır ki, “İqtisadçı” ötən mövsüm “Rabitə”yə qalib gəlməyi bacarmışdı. Bu il isə son Azərbaycan çempionu cəmi 1 setdə uduzub ki, buna da sizin komandanız sevinib...
- Bu barədə məlumatlıyam. Onu deyə bilərəm ki, yaxşı bir oyun olacaq və qalib gəlmək üçün əlimizdən gələni edəcəyik.

- Müqaviləni uzatsanız, yeni mövsümdən türkiyəli voleybolçu transferi planlaşdırırsınızmı?
- Hazırda belə bir işlə məşğul deyilik. Əvvəlcə anlaşmamızın müddətinə aydınlıq gətirib, sonra buna uyğun iş görəcəyik. Əgər Türkiyədə bizə lazımlı voleybolçu varsa, niyə gətirməyək? Bunu həyata keçirsəm, şad olaram. Lakin Türkiyədə legioner limiti olduğu üçün yerli oyunçulara daha çox ehtiyac var. Bildiyiniz kimi orada da voleybolçular çox yaxşı pul qazanırlar. Yəni bizim hansısa mövqeyə ehtiyacımız olarsa, bu türk və digər millətlərdən də ola bilər. Komanda üçün bu heç bir fərq etməz.

- Super Liqada limitin olmaması, Azərbaycan voleybolunu geri salmayacaq ki?
- Yox. İndi Azərbaycanı dünya voleyboluna tanıtmaq üçün belə lazımdır. Ancaq vaxt ötdükcə bunlar özü yoluna düşəcək. Hazırda ölkənizdə nə qədər əcnəbi iştirak edirsə, Azərbaycan bir o qədər çox tanınır. Məsələn, mən buradayamsa, Türkiyədən məni izləyirlər. Amerikalını Amerikada, hollandiyalını Hollandiyada və s. Beləcə, Super Liqa tanınır. Təbii ki, avrokuboklardakı uğurlar da ulduzların bura gəlməsi ilə nəticələnir. Bu isə hələ ki, azərbaycanlı gənclərin kənarda qalmasına səbəb olur. Amma bu digər tərəfdən onların inkişafı üçün əla şərait yaradır. Onların ulduzları seyr etməsi, həmin voleybolçulardan nəsə götürməsi ilə nəticələnir.

- Amma klublarımızın büdcələri azaldıqda, həmin ulduzlar çıxıb gedəcəklər. Azərbaycanlı voleybolçular isə çox azdır. Məsələn, Super Liqanın hesabat turunda “İstisadçı”nın “Bakı” ilə görüşündə meydanda 1 nəfər də olsun belə yerli oyunçu yox idi...
- Bundan narahat olmayın. Azərbaycanlı voleybolçular zaman-zaman yetişəcəklər. Məgər yaxşı yerli voleybolçular komandalarda oynamırlar?

- Oynayır... Sadəcə, onların sayı çox azdır...
- Deməli, onlar heyətə düşmək üçün əcnəbilərdən güclü olmalıdırlar.

- Sabah Super Liqanın növbəti turundan sonra Super Liqada 16 günlük fasilə yaranacaq. Siz də komanda ilə daha yaxından tanış olmaq imkanı qazanacaqsınız. Bu müddətdə xaricə təlim-məşq toplanışına getməyi planlaşdırırsınız?
- Hələ ki, belə bir şey nəzərdə tutulmayıb. Bu haqda danışacağıq. Onu deyə bilərəm ki, yaxşı bir təlim-məşq toplanışı keçəcəyik. Mənim üçün belə bir fasilənin olması yaxşı oldu. Bunu lazımı səviyyədə dəyərləndirəcəyəm. Ehtiyac olarsa, xaricdə turnirə gedəcəyik. Yəni bizim üçün nə lazım olacaqsa, onu da edəcəyik. Bunu klub rəhbərliyi ilə görüşüb, hazırlıq proqramı ilə bağlı qərar verəcəyik.