“Bakı”dan çətin, “Rabitə”dən asan qələbə - YENİLƏNİB
17.02.2012 - 20:37
“Bakı”dan çətin, “Rabitə”dən asan qələbə  - YENİLƏNİB
Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında X turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Bakı İdman Sarayında baş tutan görüşlərdən sonra yenidən lider dəyişikliyi olub.

Bu, “Azərreyl”in istirahət etdiyi turda “Azəryoloservis”in “Bakı”ya məğlubiyyətindən sonra baş verib. Düzdür, görüş Ancelo Vercesinin yetirmələri üçün uğursuz start götürüb. Lakin 2 dəfə hesabda geri düşən “Bakı” tay-brekdə qalib gəlməklə, IX turda əldən verdiyi liderliyi geri qaytarıb.

Onlar kimi “Rabitə” də irəliləyib. “Bakı”dan 2 matç az keçirən Zoran Qayiçin yetirmələri ikinci pilləyə yüksəliblər. Onlar bunu “İqtisadçı”nı məğlub etməklə reallaşdırıblar. Bu qələbə, həmçinin “Rabitə”ni çempionatın oynanılmamış matçlarına görə turnir cədvəlində birinci edib. Çünki dünya çempionları rəqibləri ilə müqayisədə hələ 1 xal da belə itirməyiblər.

Oyuna gəlincə, turun mərkəzi görüşündə Bülənt Karslıoğlunun gəlişindən sonra qələbələri sıralayan “İqtisadçı” da Azərbaycan çempionu qarşısında tab gətirə bilməyib. İlk hissədə rəqibini asanlıqla məğlub edən “Rabitə” ikinci setdə “tələbələr”in müqaviməti ilə üzləşib. Lakin Çempionlar Liqasının iştirakçısı 21:23 hesabı ilə geridə olsa da, yekunda 25:23 hesabı ilə qələbə qazanıb.

Üçüncü hissə isə sonuncu olub. Bu hissədə də rəqibindən yaxşı oyun nümayiş etdirən “Rabitə” yekun hesabı müəyyənləşdirib – 3:0.

Turun digər - “Lokomotiv Biləcəri” – “Lokomotiv” görüşündə isə gözlənildiyi kimi ikincilər asan qələbəyə seviniblər. Onlar hər 3 setdə rəqiblərindən üstün olublar.

17 fevral
X tur


“Rabitə” - “İqtisadçı” - 3:0 (25:15, 25:23, 25:23)
Hakimlər: Eldar Zülfüqarov, Konstantin Selin
İlk oyun: “İqtisadçı” – “Rabitə” - 1:3 (12:25, 25:17, 23:25, 18:25)

“Lokomotiv Biləcəri” – “Lokomotiv” - 0:3 (17:25, 14:25, 22:25)
Hakimlər: Murad Abdurəhmanzadə, Səbuhi Əliyev
İlk oyun: “Lokomotiv” – “Lokomotiv Biləcəri” - 3:0 (25:9, 25:11, 25:17)

“Azəryolservis” – “Bakı” - 2:3 (25:23, 16:25, 25:16, 15:25, 9:15)
Hakimlər: Vüqar Cəfərov, Ceyhun İsmayılov
İlk oyun: “Bakı” – “Azəryolservis” - 3:0 (25:14, 25:20, 25:13)

1. Bakı 9 6 3 21-12 15
2. Rabitə 7 7 0 21-1 14
3.Azərreyl 7 6 1 18-7 13
4. İqtisadçı 8 4 4 13-16 12
5. Lokomotiv 7 4 3 15-9 11
6. Azəryolservis 9 1 8 8-24 10
7. Lokomotiv Biləcəri 9 0 9 0-27 9


Qeyd edək ki, Super Liqanın növbəti turu 16 günlük fasilədən sonra baş tutacaq.