Arzuolunmaz ölkə və ya rəqib kimi 4-cü komanda
22.02.2012 - 00:01
Arzuolunmaz ölkə və ya rəqib kimi 4-cü komanda
“Azərreyl” bu gün Çempionlar Liqasının 1/4 final mərhələsində ilk oyununa çıxacaq. Apasport.az saytının xəbərinə görə, təmsilçimiz Rusiyada “Dinamo” klubunun qonağı olacaq. Bu, Faiq Qarayevin yetirmələrinin ruslarla 9-cu duelləri olacaq.

Statistikaya nəzər yetirdikdə, matç “Azərreyl” üçün asan keçməyəcək. Çünki “dəmiryolçular” Çempionlar Liqasında Rusiya komandalarına hələ qalib gələ bilməyiblər. Düzdür, Bakı təmsilçisi şimal qonşularımızla avrokuboklarda 8 dəfə üz-üzə gəlib. Lakin bunlardan 2-si “Top komandalar kubok”una, 2-si isə həmin yarışın xələfi sayılan “Çelenc Cup”a təsadüf edib.

“Azərreyl” məhz səviyyəsinə görə aşağı olan turnirlərdə rəqibinə qalib gəlməyi bacarıb. Çempionlar Liqasında ruslarla 4 oyun keçirən komandamız hamısında məğlubiyyətlə barışıb.

“Dinamo” isə avrokuboklarda “Azərreyl”lə üz-üzə gələcək 4-cü Rusiya klubu olacaq. “Dördlər finalı”na gedən yolda hər 2 komandanın şansı olsa da, “dəmiryolçular” favorit hesab olunurlar. Bu ondan irəli gəlir ki, ilk oyun səfərdə baş tutacaq və rəqib evdə qalib gələrsə, “Azərreyl” Bakıda revanş etməklə “Qızıl set”ə yerli publika qarşısında çıxacaq.

Lakin kazanlıların da şansları az deyil. Onlar bu mərhələyə kimi irəliləməklə və Rusiya Super Liqasında vahid lider olmaqla öz güclərini ortaya qoyublar. Bunun üçün rəqibin evlə bərabər, səfərdə də qələbə üçün meydana çıxacağı sözsüzdür.

“Azərreyl”in Rusiya komandaları ilə görüşləri

Top komandalar kuboku, 2001/2002
Qrup mərhələsi


19 dekabr, 2001
“Universitet” (Rusiya) - “Azərreyl” – 1:3 (26:24, 19:25, 24:26, 15:25)
9 yanvar, 2002
“Azərreyl” – “Universitet” (Rusiya) – 3:2 (29:31, 25:17, 22:25, 25:22, 15:6)

Çempionlar Liqası, 2002/2003
Qrup mərhələsi


18 dekabr, 2002
“Azərreyl” – “Uraloçka” (Rusiya) – 2:3 (14:25, 20:25, 25:22, 25:20, 9:15)
8 yanvar, 2003
“Uraloçka” (Rusiya) – “Azərreyl” – 3:0 (25:19, 25:16, 25:21)

Çempionlar Liqası, 2007/2008
Qrup mərhələsi


28 noyabr, 2007
“Zareçye-Odintsovo” (Rusiya) – “Azərreyl” – 3:0 (25:5, 25:18, 25:8)
29 yanvar, 2008
“Azərreyl” – “Zareçye-Odintsovo” (Rusiya) – 1:3 (25:22, 22:25, 15:25, 23:25)

Çelenc Cup, 2010/2011
1/2 final mərhələsi


15 mart, 2011
“Azərreyl” – “Uraloçka” (Rusiya) – 3:2 (25:22, 22:25, 25:21, 29:31, 15:13)
19 mart, 2011
“Uraloçka” (Rusiya) – “Azərreyl” – 1:3 (15:25, 21:25, 25:23, 19:25)

 OQMS
Azərreyl84415-17
Rusiya klubları84417-15



Qeyd edək ki, bu görüşlərdən ilk 6-da “Azərreyl”in “sükanı” arxasında Faiq Qarayev, son 2-də isə Vüqar Əliyev olub.