Bu oyun “Rabitə”yə yaraşmadı - YENİLƏNİB
22.02.2012 - 18:18
Bu oyun “Rabitə”yə yaraşmadı - YENİLƏNİB
Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları baş tutub. Apasport.az saytının məlumatına görə, bu mərhələyə yüksələn “Rabitə” Bakıda Türkiyənin “Fənərbaxça” klubunu qəbul edib.

“Sərhədçi” Olimpiya Mərkəzində keçirilən oyun rəqibin qələbəsi ilə başa çatıb. Qrup mərhələsində də qarşılaşan son dünya çempionlarının duelində “Fənərbaxça” komandamızı 3:0 hesabı ilə məğlub edib.

Belə ki, oyun türklərin üstünlüyü ilə start götürüb. Bunun üçün “Rabitə” 1:5 hesabı ilə geridə olduğu zaman baş məşqçi Zoran Qayiç taym-aut götürsə də, yetirmələrini düşdükləri çətin vəziyyətdən çıxara bilməyib. Hər 2 texniki fasiləyə öndə yollanan “Fənərbaxça” isə hissəni aktivinə 12 top fərqi ilə yazıb.

İkinci setin əvvəli xala-xal prinsipi ilə keçib. Lakin bu dəfə də həlledici anlarda “sarı-lacivərdlilər” dəqiq olublar. Onlar hücumçularımızın lazımı oyunu nümayiş etdirə bilməməsindən lazımınca yararlanıblar və fərqi 2 setə çatdırıblar.

Üçüncü hissədə “Rabitə”nin oyunda dönüş yaradacağı gözlənilsə də, onlar bunu bacarmayıblar. Hətta yerli azarkeşlərin alqış sədaları da onların köməyinə gəlməyib və 0:3 hesabı ilə uduzublar.

Lakin bununla “Rabitə” heç də şansını itirməyib. Ölkəmizin ən titullu klubu Türkiyədə qisas almaqla, “Qızıl set”ə bel bağlaya bilər.

Çempionlar Liqası
1/4 final mərhələsi, ilk oyun


“RABİTƏ” (AZƏRBAYCAN) – “FƏNƏRBAXÇA” (TÜRKİYƏ) - 0:3 (13:25, 24:26, 19:25)
Hakimlər: Ritvars Alksnis (Latviya), Euqen Kulhanek (Avstriya)
“Sərhədçi” Olimpiya Mərkəzi

Qeyd edək ki, “Rabitə” qrup mərhələsində “Fənərbaxça”ya bir oyunda uduzduğu halda, digərində qalib gəlmişdi.