“Lokomotiv” tay-brekdə uduzdu
22.02.2012 - 23:33
“Lokomotiv” tay-brekdə uduzdu
Bu gün Bakının “Lokomotiv” voleybol klubu “Çelenc Cup” turnirində növbəti görüşünə çıxıb. Apasport.az saytının məlumatına görə, Draqutin Baltiçin yetirmələri 1/4 final mərhələsinin ilk oyununda Çexiyanın “Brno” komandasının qonağı olublar.

Səfər matçının “Lokomotiv” üçün asan keçəcəyini proqnozlaşdırısa da, bu, belə olmayıb. Bakı təmsilçisi 4 xal fərqi ilə irəlidə olduğu (18:14) ilk seti qazansaydı, bəlkə də oyunda tam başqa nəticə qeydə alınacaqdı. Lakin onlar seti aktivlərinə yazmaqda çətinlik çəkiblər və görüşə məğlubiyyətlə başlayıblar – 28:30.

Düzdür, sonradan 2 dəfə hesabda geri düşən “Lokomotiv” matçda tarazlıq yaradıb. Amma tay-brekdə rəqibindən zəif olan “dəmiryolçular” “Çelenc Cup”ın 2011/2012 mövsümündə ilk məğlubiyyətləri ilə barışıblar.

Buna baxmayaraq, onlar yarımfinala vəsiqə qazanmaq üçün bir həftə sonra Bakıda cavab matçında qalib gələrək, “Qızıl set”də rəqiblərini məğlub edə bilərlər.

“Çelenc Cup”
1/4 final mərhələsi, ilk oyunlar
22 fevral


“BRNO” (ÇEXİYA) – “LOKOMOTİV” (AZƏRBAYCAN) - 3:2 (30:28, 16:25, 25:20, 20:25, 15:12)
Hakimlər: Cihat Firincioğlu (Türkiyə), Emmanouil Geoegiadis (Yunanıstan)
Brno, “Mestska” Voleybol Sarayı.

Qeyd edək ki, “Lokomotiv” bu mərhələyə kimi Macarıstanın “Vaşaş”, Xorvatiyanın “ZOK Split” və Serbiyanın “Vizura” klublarına asanlıqla qalib gəlmişdi.