“Azərreyl”in gücü 1 setə çatdı - YENİLƏNİB
22.02.2012 - 21:56
“Azərreyl”in gücü 1 setə çatdı - YENİLƏNİB
“Azərreyl” voleybol klubu bu gün Çempionlar Liqasının 1/4 final mərhələsində ilk oyununu keçirib. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” səfərdə Kazan “Dinamo”sunun qonağı olublar.

Təəssüf ki, görüş Faiq Qarayevin yetirmələrinin məğlubiyyəti ilə yekunlaşıb. Düzdür, “Azərreyl” Tatarıstan paytaxtında Rusiya Super Liqasının cari mövsümünün vahid liderini büdrədə bilərdi. Lakin komandamız ilk setdə qazandığı qələbənin ardını gətirə bilməyib.

Belə ki, top qəbulunda və hücumda lazımsız səhvlər edən voleybolçularımız yekunda 1:3 hesabı ilə uduzublar.

Lakin “Azərreyl” Bakıda keçiriləcək “Dördlər finalı”na yüksəlmək şansını saxlayıb. Onlar bunun üçün cavab matçında qələbə qazanmalı, ardınca isə “Qızıl set”də kazanlıları məğlub etməlidirlər.

Çempionlar Liqası
1/4 final mərhələsi, ilk oyun


“DİNAMO” (RUSİYA, KAZAN) – “AZƏRREYL” (AZƏRBAYCAN) - 3:1 (22:25, 25:23, 25:22, 25:21)
Hakimlər: Yuraj Mokri (Slovakiya), Nikola Miçevski (Makedoniya)
Kazan, Sankt-Peterburq İdman Salonu