Qara gün
23.02.2012 - 10:30
Qara gün
22 fevral – bu tarix Bakının voleybol klublarının tarixinə qara hərflərlə yazıldı. Apasport.az saytının məlumatına görə, avrokuboklarda mübarizə aparan 4 komandamız – “Azərreyl”, “Rabitə”, “Bakı” və “Lokomotiv” hamısı eyni gündə məğlubiyyət acısı yaşayaraq, azarkeşlərini üzdülər.

Əslində, təmsilçilərimizin görüşlərindən öncə onların ya birinin, ya da ikisinin uduzacağı gözlənilirdi. Çünki “Çelenc Cup”ın 1/4 final mərhələsinə kimi bütün rəqiblərini evdə və səfərdə asanlıqla məğlub edən “Bakı” ilə “Lokomotiv”in növbəti dueldən də uzüağ çıxacağı proqnozlaşdırılırdı.

Düzdür, paytaxtın eyniadlı təmsilçisinin rəqibi “Omiçka” (Rusiya) “dəmiryolçular”a qalib gələn “Brno” (Çexiya) ilə müqayisədə çox güclüdür. Amma heyətlərinə nəzər saldıqda, rusların cəmi 2 legionerlə, “Bakı”nın isə 2 azərbaycanlı (onlar da adətən ehtiyatda otururlar) ilə oynadığının şahidi olarıq. Hətta rəqiblə müqayisədə bizim klubun baş məşqçisi də əcnəbidir.

Təbii ki, bu da gəlmələrin Azərbaycanda qazandıqları pulun qarşılığını verməməsi anlamına gəlir. Yəni klublarımızda çıxış edən ulduz voleybolçular adlarına görə əsas heyətdə yer alır, gənclərimizin yetişməsinə mane olurlar. Əgər belə getsə, sonda da mövsümü titulsuz başa vurduqda, heç bir nəticə çıxarılmayacaq.

“Lokomotiv” isə haradasa bəxtsizliyin qurbanı oldu. Onlar ilk setdə 28:30 hesabı ilə uduzmasaydılar, bəlkə də Bakıya qələbə ilə qayıdacaqdılar. Lakin bu da onlara haqq qazandırmır. Həmin rəqibi məhz “Çelenc Cup”da “İqtisadçı” ötən mövsüm asanlıqla məğlub etmişdi. Çünki onlar “dəmiryolçularla” müqayisədə əsasən gənc və yerli voleybolçulara üstünlük verirlər. Qarşısına kuboku qazanmaq məqsədi qoyan “Lokomotiv” növbəti oyunlarda da belə səhvlərə yol verərsə, yenə də arzusunu reallaşdıra bilməyək. Özü də əgər ötən mövsüm finala kimi irəlilədiyi halda, bu dəfə ona əlçatmaz arzu kimi baxacaq.

Çempionlar Liqasındakı təmsilçilərimiz – “Azərreyl”lə “Rabitə” də ümidləri doğrultmayanlar sırasındadır. Yəqin ki, razılaşmaq olar ki, 1/4 final mərhələsində dünya çempionlarının rəqibi – “Fənərbaxça” (Türkiyə) Kazan “Dinamo”su ilə müqayisədə çox güclüdür. Lakin bu, “Rabitə”nin 0:3 hesablı məğlubiyyətini sığortalamır. Çünki klub rəhbərliyi Zoran Qayiç üçün lazım olan kollektivi formalaşdırıb, onlar hərəsi öz mövqelərində güclüdür və Bakıda mütləq qələbə qazanmalı idilər. Lakin komanda bunu bacarmadı. Əslində, ikinci setdə Çempionlar Liqasının gümüş mükafatçısı oyunda dönüş yarada bilərdi. Təəssüf ki, sonda bunu reallaşdıra bilmədilər və ilk matçda rəqibi sevindirdilər.

“Azərreyl” isə analoji yarışın debütantına uduzmaqla diqqət çəkdi. Düzdür, “Dinamo” hazırda Rusiya Super Liqasının liderdir. Lakin çempion olmaq arzusunda olan klub üçün bu fərq etməməlidir. Faiq Qarayevin yetirmələri də top qəbulundakı səhvlərin qurbanına çevrildilər. Bununla yanaşı, onlar hücumda da lazımı oyunu nümayiş etdirə bilmədilər. 3-cü topların əksəriyyəti Polina Rəhimovaya ünvanlanırdı ki, ruslar da vaxtında onu lazımınca “bağlamağın” yolunu tapdılar. Necə deyərlər, artıq bu məğlubiyyətlər tarixin yaddaşına köçdü. Qarşıda duran əsas məqsəd isə cavab oyununda bu acını unutdurub, azarkeşləri klubdan incik salmamaqdır.

İnanırıq ki, komandalarımız bunu bacaracaq gücdədir və Azərbaycan bayrağını yüksəltmək üçün sona kimi döyüşəcəklər. Çünki “Azərreyl”, “Bakı” və “Lokomotiv” ikinci oyunlarına paytaxtımızda çıxacaqlar və qalib gələcəkləri halda “Qızıl set”i də yerli publika önündə oynayacaqlar. Onlarla müqayisədə “Rabitə” öz işini bir qədər çətinə salıb. Əslində isə püşk onların üzünə gülməyib.

Çünki güclü rəqiblə cütlük təşkil etməklə yanaşı, ikinci oyunlarını da səfərdə keçirəcəklər. Özü də onlar İstanbulda məğlubiyyətin əvəzini çıxıb, “Qızıl set”də də “Fənərbaxça”nı Bakıdakı qələbəyə görə peşman etməlidirlər.