Ən böyük qələbə - FOTO
23.02.2012 - 13:41
Ən böyük qələbə - FOTO
“Yəqin ki, bu, ən böyük qələbəmizdir. Mən qızlarımızla fəxr edirəm”. Apasport.az saytının məlumatına görə, bunu Çexiyanın “Brno” voleybol klubunun baş məşqçisi Ondrej Marek deyib.

O, “Çelenc Cup”ın 1/4 final mərhələsində yetirmələrinin Bakının “Lokomotiv” klubuna tay-brekdə qalib gəlməsini yüksək qiymətləndirib. Marek matçdan sonra bildirib ki, komandası qələbəyə layiq idi: “Rəqibin baş məşqçisi bizim haqda heç nə bilmədiyini demişdi. Biz bununla müəyyən üstünlük əldə etdik. Əslində, bizim də rəqib haqda informasiyamız və statistikamız böyük deyildi. “Lokomotiv”in favorit olduğunu bilirdik. Balanslaşdırılmış və inamlı mübarizə aparan komanda formalaşdırıblar. Ancaq istənilən halda, qələbəyə layiq idik. “Lokomotiv”in bolqar liberosu (Mariya Filipova nəzərdə tutulur) böyük təcrübəyə malikdir. Onların heyətində amerikalı Nansi Mefkalf və serbiyalı İvana Miloşu da fərqləndirmək lazımdır. Mən istərdim ki, qızlarımız daha hərəkətli olsunlar”.

Marek sonda azarkeşlərə də minnətdarlıq edib: “Fanatlarımız bu qələbədə bizə kömək etdilər. Hesab etmirəm ki, biz onlarsız buna nail ola bilərdik. Zalı dolduran 2 min azarkeş çox möhtəşəm idi”.