Rişat Qilyazutdinov: “Azərreyl”lə oyun öncəsi çox yorulmuşuq
27.02.2012 - 11:48
Rişat Qilyazutdinov: “Azərreyl”lə oyun öncəsi çox yorulmuşuq
“Oyun bizim üçün yaxşı alınmadı. Xüsusilə də hücumda lazım olduğu kimi çıxış edə bilmədik”. Apasport.az saytının məlumatına görə, bunu Rusiyanın “Dinamo” voleybol klubunun baş məşqçisi Rişat Qilyazutdinov deyib.

Çempionlar Liqasının 1/4 final mərhələsində “Azərreyl”in rəqibi olan Kazan təmsilçisi Rusiya Super Liqasında məğlubiyyət acısı yaşayıb. Nəticədə “Uraloçka” onlarla xal sayını bərabərləşdirib. Qilyazutdinov bildirib ki, “Proton”a 2:3 hesabı ilə uduzmalarında əsas səbəb Çempionlar Liqasının oyunlarıdır: “Hazırda vəziyyətimiz heç də yaxşı deyil. Çempionlar Liqasında çıxışa görə çox ora-bura səfərlər edirik. Qarşıda “Azərreyl”lə vacib cavab matçımız var. Fikrimcə, çox yorulmuşuq”.

Qeyd edək ki, ilk matçda “Dinamo”ya 1:3 hesabı ilə uduzan “Azərreyl” cavab matçına sabah Bakıda çıxacaq.