Kimlə Məmmədovanın fərqi üzə çıxdı
01.03.2012 - 10:23
Kimlə Məmmədovanın fərqi üzə çıxdı
Çempionlar Liqasının 1/4 final mərhələsinin “Fənərbaxça” (Türkiyə) - “Rabitə” (Azərbaycan) görüşünün ən yaxşı voleybolçusunun adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, son dünya çempionlarının duelində qəhrəman adı yenə Yeon-Kounq Kimə qismət olub.

İstanbulluların koreyalı legioneri Azərbaycan çempionundan nə az, nə çox – 23 xal (!) alıb. Müqayisə üçün bildirək ki, “Rabitə”də ən yaxşı oyunu Sanya Staroviç nümayiş etdirib. O isə cəmi 13 xala sevinib. Komandamız lideri Natalya Məmmədova 7 xal toplayıb.

Zoran Qayiçin digər yetirmələri – Nataşa Krsmanoviç 8, Mira Qoluboviçlə Nataşa Osmokroviç hərəyə 6, Dobriana Rabadjiyeva 3 və İrina Jukova 2 xal qazanıb.

Qeyd edək ki, Bakıdakı kimi İstanbulda da 0:3 hesabı ilə uduzan “Rabitə” Çempionlar Liqası ilə vidalaşıb.