“Yenə hamı qara kostyumda və qara bığda idi” - MÜSAHİBƏ
02.03.2012 - 12:31
“Yenə hamı qara kostyumda və qara bığda idi” - MÜSAHİBƏ
Çexiyanın “Brno” klubunun voleybolçusu Anna Suruçkova “Çelenc Cup”ın 1/4 final mərhələsində Bakının “Lokomotiv” klubuna “Qızıl set”də uduzmalarının səbəbini açıqlayıb. Apasport.az saytının məlumatına görə, ötən ildə də analoji yarışın eyni mərhələsində “İqtisadçı”ya uduzan komandanın üzvləri bu dəfə də yarımfinala yüksəlmədiyi üçün pərişandır.

Suruçkova yerli mətbuata verdiyi müsahibəsində bildirib ki, son anda lazımı 1 xalı qazana bilməsələr də, ikinci dəfə səfər etdiyi Bakını çox sevir.


- “Lokomotiv”ə gərgin keçən və hesabda irəlidə olduğunuz “Qızıl set”də uduzduqdan sonra hansı hissləri keçirdiniz?
- Məyusluq və qəzəb. Biz yarımfinalın bir addımlığında idik. Bunun üçün cəmi 1 xal qazanmağımız lazım idi.

- Hər halda, ardıcıl ikinci mövsüm 1/4 final mərhələsinə yüksəlirsiniz...
- Bu, böyük uğurdur. Hər halda bizim üçün nikbin təəssürat oyatmasa belə. Bununla biz güzümüzün olduğunu təsdiqlədik. Göstərdik ki, oynaya, “Lokomotiv” kimi tanınmış komandaya qalib gələ bilirik (Çexiyada 3:2 hesabı ilə qələbə qazandıqları ilk oyun nəzərdə tutulur). Belə rəqabət hər gün olmur.

- Axı siz “Qızıl set”də 11:6 hesabı ilə irəlidə idiniz və son xal üçün cəmi 3 dəqiq zərbəniz kifayət edəcəkdi. Bunu edə bilməməyinizin səbəbi nədir?
- Bizim qalib gəlmək şansımız çox idi. Çünki “Qızıl set”də böyük üstünlük əldə etmişdik. Ancaq lazımsız səhvlərə yol verdik və təşəbbüsü rəqibə hədiyyə etdik.

- Belə çıxır ki, öz şanslarınızı məhz özünüz itirdiniz?
- Elə demək olar. Rəqib bizdən də çox qorxurdu. Çünki “Lokomotiv”in mübarizəni dayandırması Azərbaycanda faciə kimi qəbul ediləcəkdi.

- Bunu oranın insanlarının voleybol fanatı olmasına görə deyirsiz?
- Biz ötən il də 1/4 finalda məhz Bakı klubuna uduzduq. Həmin vaxt rəqibimiz “İqtisadçı” idi. Onda azarkeşlər daha böyük səy-küy yaratmışdılar. Azərbaycanda voleybol həyəcanı var. Oxumaqla atmosfer yaradırlar. Mən bilmirəm, orada səslənəni mahnı olar? Çünki onlar qəribə melodiya səsləndirirdilər.

- Həmin atmosfer bu dəfə də müşahidə olundu?
- Azarkeşlər “Qızıl set”də hesab 11:11 olduqdan sonra canlanmağa başladılar. Ayaq üstə durub qışqırırdılar. Elə bil kimsə onları oyatmışdı. Bunadək biz onlara diqqət yetirmirdik. Amma ötən il olduğu kimi yenə hamı qara kostyumda və qara bığda idi.

- Bəs Bakı bu dəfə sizdə hansı təəssüratları oyatdı?
- Mən oraya səfəri səbirsizliklə gözləyirdim. Çünki Bakını sevirəm. Ora maraqlı şəhərdir. Küçələrdə çoxlu otellər, ticarət mərkəzləri və gözəl parklar var. Oynadığımız zalın yanında isə dəbdəbəli bina ucalır. Şəhərdə isə həmişə toz uçur. Buna səbəb isə orada daima tikinti işlərinin getməsidir. Hər şey bitəndən sonra Bakının necə görünməyi maraqlıdır.

- Bakıda diqqətinizi daha çox nə cəlb etdi?
- Nəqliyyat. Bu ən böyük problemdir. Avtomobillər çoxdur və durmadan hərəkət edirlər. Ən gözəlləri “Mersedes”, brendləri isə “Lada” markalı avtomobillərdir.