“Azərbaycan yığması yarışa həmişə yaxşı formada qatılır”
06.03.2012 - 11:38
“Azərbaycan yığması yarışa həmişə yaxşı formada qatılır”
“Açığını deyim ki, indidən kimin əsas rəqibimiz olduğunu demək çətindir. Yarışda iştirak üçün sifariş vərəqəsini vermiş bütün komandalar eyni səviyyədə güclüdürlər”. Apasport.az saytının məlumatına görə, bunu Qırğızıstan millisinin basketbolçusu Artyom Borodenko deyib.

O, martın 17-21-də Bişkekdə keçiriləcək ənənəvi “Novruz” turnirində iştirak edəcək komandaların şanslarını dəyərləndirib. Borodenko bildirib ki, 5 rəqib arasında Azərbaycan basketbolçuları daha güclüdürlər: “Azərbaycan milli komandası ardıcıl 2 dəfə analoji turnirin qalibi olub. Onlar yarışa həmişə yaxşı formada qatılırlar. ABŞ-ın AİA klubu isə son illərdə dünya səyahətinə çıxıb. Onlar müxtəlif klublarla 43 oyun keçiriblər ki, onun da 41-də qələbə qazanıblar. Deyərdim ki, ən çətin oyunlarımız bunlarla olacaq. Lakin digər rəqiblərimiz də bizə başağrısı ola bilər. Bir sözlə, biz onların hamısına hörmətlə yanaşırıq və qalib gəlmək üçün bütün gücümüzü ortaya qoyacağıq”.

Qeyd edək ki, “Novruz-2012”də Azərbaycan, Qırğızıstan yığmaları və AİA klubu ilə yanaşı, Özbəkistan millisi, Qazaxıstanın “Kapşaqay” və Rusiyanın “UrFU” klubları da qüvvələrini sınayacaqlar.