“Bakı” üçün arzuolunmaz oyun
06.03.2012 - 15:37
“Bakı” üçün arzuolunmaz oyun
Sabah qadın voleybolçular arasında Azərbaycan Super Liqasının XII turunun oyunları baş tutacaq. Apasport.az saytının məlumatına görə, günün mərkəzi matçı “Rabitə” – “Bakı” dueli olacaq.

Son Azərbaycan çempionundan ilk dövrədəki kimi asan qələbə gözləməyə dəyər. Çünki “Rabitə” üçün 2 xal həm də vacibdir. Onlar buna nail olmaqla, rəqibindən 2 matç az keçirmələrinə baxmayaraq, set fərqində görə vahid liderə çevriləcəklər. Bir sözlə, hazırda xal itirməyən Zoran Qayiçin yetirmələri daha da əlçatmaz olacaqlar.

Lakin “Bakı” da ilk dövrə ilə müqayisədə oyununda dönüş yaradıb və “Rabitə”yə ciddi müqavimət göstərəcəyi sözsüzdür. Onlar çalışacaqlar ki, ən azından oyunun taleyini tay-brekə kimi daşısınlar.

Turun ilk qarşılaşmasında isə debütantlar - “Lokomotiv Biləcəri” ilə “Azəryolservis” qarşılaşacaqlar. Bu görüşdə ikincilər favorit olsalar da, “dəmiryolçular” ilk qələbəsini qazanmaq arzusundadırlar. Bunun üçün hər 2 komandanın qalib gəlmək şansı var.

Günə “Azərreyl” – “Lokomotiv” matçı ilə yekun vurulacaq. Əzəli rəqiblərin ilk dövrədəki dramatik oyununun bu dəfə də təkrarlanacağı istisna deyil. Lakin “Azərreyl” Çempionlar Liqası ilə vidalaşdığı üçün ilk oyunla müqayisədə matça rahat çıxacaq və qələbəyə oynayacaq. Onlar hətta “quru hesabla” da qalib gəlmək gücündədirlər.

Düzdür, “Lokomotiv” də məğlubiyyətin qisasını almağa çalışacaq. Amma bu onlar üçün çətin olacaq. Çünki komandanın qarşısına əsas hədəf kimi “Çelenc Cup” kubokunu qazanmaq məqsədi qoyulub.

7 mart
XII tur


15:00. “LOKOMOTİV BİLƏCƏRİ” - “AZƏRYOLSERVİS”
İlk oyun:
“AZƏRYOLSERVİS” – “LOKOMOTİV BİLƏCƏRİ” - 3:0 (25:11, 25:22, 25:18)

17:00. “RABİTƏ” – “BAKI”
İlk oyun:
“BAKI” – “RABİTƏ” - 0:3 (16:25, 23:25, 18:25)

19:00. “AZƏRREYL” – “LOKOMOTİV”
İlk oyun:
“LOKOMOTİV” – “AZƏRREYL” - 2:3 (16:25, 25:23, 25:20, 23:25, 11:15)

1. Bakı 10 7 3 24-12 17
2. Rabitə 8 8 0 24-1 16
3. Azərreyl 8 7 1 21-7 15
4. İqtisadçı 9 4 5 13-19 13
5. Lokomotiv 8 4 4 15-12 12
6. Azəryolservis 9 1 8 8-24 10
7. Lokomotiv Biləcəri 10 0 10 0-30 10