Finala doğru ilk addım
13.03.2012 - 15:26
Finala doğru ilk addım
Sabah qadın voleybolçular arasında “Çelenc Cup”ın yarımfinal mərhələsinin ilk görüşləri keçiriləcək. Apasport.az saytının məlumatına görə, hər 2 cütdə Azərbaycan təmsilçisi yer alıb və həm “Bakı”, həm də “Lokomotiv” birinci imtahanlarını səfərdə verəcəklər.

Klublarımızın rəqibləri müvafiq olaraq, Almaniya “Zuhl”u və Belçika “Gent”idir. Artıq həlledici mərhələyə bir addım qaldığından, Bakı təmsilçilərinin asan qələbə qazanacaqları inandırıcı deyil. Bu azmış kimi, hər 2 rəqib evdə məğlubedilməzdir.

Düzdür, “Gent” “Zuhl”la müqayisədə daha güclüdür. Lakin bu “Lokomotiv” üçün keçilməz deyil. Çünki heyətinin əsasını legionerlər təşkil edən “dəmiryolçular” bu rəqibi keçməyə borcludurlar. Həm də Draqutin Baltiçin yetirmələrinin qarşısında bir nömrəli vəzifə “Çelenc Cup”ı qazanmaqdır.

“Bakı” isə debüt etdiyi yarışda yarımfinala yüksəlməklə adından söz etdirib. Onlar bununla kifayətlənməyib, ən azı finala vəsiqə qazanmaq arzusundadırlar. Ancelo Vercesinin komandası səfərdə “Zuhl”a başağrısı olacağı heç kimdə şübhə doğurmur. Lakin onlar son görüşlərdə stabil oyun nümayiş etdirmədiklərindən bunun əziyyətini çəkə bilərlər.

Hər 2 klubumuz səfərdə uduzsa belə bu, faciə olmayacaq. Çünki həm “Bakı”, həm də “Lokomotiv” 1/4 final mərhələsinin ilk oyununu da səfərdə keçirmişdilər və orada uduzmalarına baxmayaraq, Bakıda cavab matçında qalib gələrək “Qızıl set” də rəqiblərindən güclü olmuşdular. Məhz ikinci görüşlərin Bakıda olacağını nəzərə alsaq, bu təmsilçilərimizin üstünlüyüdür və onlar ilk matçlarını paytaxtımızda sığortalaya biləcəklər.

“Çelenc Cup”
1/2 final, ilk matçlar


14 mart

22:30. “ZUHL” (ALMANİYA) – “BAKI” (AZƏRBAYCAN)
Hakimlər: Stefano Çezare (İtaliya), Lusian Vlad (Rumıniya)


23:30. “GENT” (BELÇİKA) – “LOKOMOTİV” (AZƏRBAYCAN)
Hakimlər: Kristian Volf (İsveçrə) və İngeborq Kuter (Hollandiya)

Qeyd edək ki, hər 2 klubumuz cavab oyunlarını martın 18-də keçirəcəklər.