“Bakı” nümunəsi və ya “Neftçi” voleybol klubu yaradır?
18.03.2012 - 14:00
“Bakı” nümunəsi və ya “Neftçi” voleybol klubu yaradır?
Dünyanın bir sıra futbol klubları digər idman növlərində də iddialı komandaya malik olmaqla, əsl nəhəng olduqlarını nümayiş etdirir. Buna misal, İspaniyanın “Real” və “Barselona”, Türkiyənin “Qalatasaray” və “Fənərbaxça”, Rusiyanın MOİK və “Dinamo” komandaları və onlarla belə nümunə göstərmək olar. Bu idman klubları futbolla yanaşı, basketbol, voleybol, həndbol və digər az populyar olan kollektiv idman növlərində də öz komandası ilə təmsil olunur.

Lakin Azərbaycan idmanında dünya praktikasında olan bu tendensiyaya o qədər də rast gəlinmir. Belə ki, hər idman növündə mövcud olan klub yalnız həmin sahəyə böyük diqqət ayırır. Ölkə idmanın nəhəngləri olan futbol klubları da bu sahədə istisna təşkil etmir. Onların çoxu demək olar ki, idman klubu sayılsa da, futbolla yanaşı, yalnız fərdi idman növlərinə diqqət ayırır. Ötən yay qadın voleybolçulardan ibarət komanda yaradan “Bakı” bu sahədə hələlik yeganə istisnadır.

Maraqlıdır, görəsən, futbolumuzun digər nəhəngləri paytaxtın eyniadlı təmsilçisinin avrokubokda qazandığı nəticədən (“Bakı” debüt etdiyi “Çelenc Cup”da fianlın bir addımlığındadır) nümunə götürərək, qadın voleybolundakı yüksəlişə rəng qatıb, bu sahədə də özlərini sınamaq istəyirmi?

Apasport.az saytı Premyer Liqanın ilk “altılığ”ında yer alan digər 5 komandanın “Bakı” kimi qadın voleybolunda da özünü sınayıb-sınamayacağı ilə bağlı araşdırma aparıb. Saytımızın “Rabitə” və “Azərreyl”in hegemonluğuna mane olmaq istəyən “Bakı”ya “Neftçi”, “Xəzər Lənkəran”, “İnter”, “Qarabağ” və “Qəbələ”ni qoşmaq təklifinə klub rəsmiləri müxtəlif cavab veriblər.

Sadıq Sadıqov: Bu, yaxın gələcəkdə mümkün olacaq

“Neftçi” komandasının prezidenti Sadıq Sadıqov bildirib ki, Peşəkar Futbol Klubunun belə bir addım atması planlarına daxil deyil. Lakin o, “Neftçi” adında bir neçə idman növündə klubunun yaradılmasını mümkün sayır. Sadıqov bu komandaların “Neftçi” FK-nın deyil, rəhbəri olduğu “Neftçi” İdman-Sağlamlıq Mərkəzinin tərkibində göstərə biləcəyini deyib: “Bəli, bizim bu istiqamətdə böyük planlarımız var. Xüsusilə, komanda idman növlərində. Çalışırıq ki, bütün Azərbaycan çempionatlarında “Neftçi” klubu olsun. O ki, qaldı qadınlardan ibarət voleybol klubunun yaradılmasına, bu da olacaq. Çünki bizim 2 il öncə kişilərdən ibarət “Azərneft” klubumuz var idi. Lakin komandaların az olması səbəbindən çempionat keçirilmədi və komanda fəaliyyətini dayandırdı. İndi biz gələcəkdə yeni klubun yaradılmasını təbii ki, istəyirik. Həmin komanda da müasir voleybol klublarından geri qalmayacaq. Ancaq bu yaxın gələcəkdə mümkün olacaq”.

Əmrah Çəlikəl: Belə bir klub yaratmaq bizim planlarımıza daxil deyil

“Qarabağ” klubunun direktoru Əmrah Çəlikəl bildirib ki, əsas məqsədləri və planları hələlik yalnız futbolla bağlıdır: “Elə bununla da irəliləmək, gücümüzü bu idman növünə vermək istəyirik. Hədəfimiz futbolla “Qarabağ” adını bütün dünya ictimaiyyətinə çatdırmaqdır. Bunun üçün də gözəl və döyüşkən komanda yaratmışıq. Bu gün isə belə bir klub yaratmaq bizim planlarımıza daxil deyil. Komandamızın sponsorları var, hansı ki, onlar indi “Qarabağ”ı saxlayırlar”.

Onun sözlərinə görə, Azərbaycanda da klubların sponsorları bu işdən qazanc götürə bilərlərsə, təbii ki, digər idman növləri barədə də fikirləşəcəklər: “Əlbəttə, futbol, ümumiyyətlə idman dünyada bir biznesə çevrilib. Ancaq Azərbaycanda belə deyil. Sadəcə, burada vətənsevər insanların fədakarlığı sayəsində komandaları saxlaması ilə həyata keçirilir. Amma dünyadakı kimi olarsa, bütün sponsorlar da istəyərlər ki, futbolun yanında voleybol da, basketbol da olsun. Biz hələ ki, futbola xidmət göstəririk və çalışırıq ən yüksək səviyyədə həyata keçirək”.

Georgi Nikolov: Gələcəkdə voleybol klubumuzun olması istisna deyil

“İnter” Peşəkar İdman Klubunun prezidenti Georgi Nikolov də hələlik voleybol klubu yaratmaq fikrində olmadıqlarını deyib. Onun sözlərinə görə, saytımızın ideyası əla olsa da, hələlik futbol və fərdi idman növləri ilə kifayətlənəcəklər: “İnter” idman klubu olsa da, əsas üstünlüyü futbola veririk. Futbolla yanaşı, fərdi – cüdo, boks, güləş, şahmat və universal döyüş növləri üzrə də komandalarımız var. Bu növlər fərdi olsa belə, hər birində komanda hesabı da mövcuddur. Sırf kollektiv idman növlərində isə komanda yaratmaq fikrimiz yoxdur. Təkcə futbol kifayətdir. Fərdi növləri isə, məsələn cüdonu həmin idmanın inkişafına töhfə vermək üçün yaratmışıq. Azərbaycanda qadın voleybolunun yüksəlişdə olduğunu nəzərə alsaq, siz mənə bu idman növündə komanda yaratmaqla bağlı yaxşı ideya verdiniz. Amma “İnter” hələlik futbolla kifayətlənəcək. Çünki qadın voleybolu çətin məsələdir”.


Bolqarıstanlı funksioner voleybol komandası yaratmaq üçün zamana ehtiyac olduğunu deyib. O bildirib ki, bunun üçün öncə Azərbaycanda yeni voleybolçu nəsli yetişməli və onlara bel bağlamaq lazımdır: “Biz “Bakı”, “Rabitə”, “Azərreyl”in yolu ilə gedib amerikalı, bolqar və digər legionerlərlə komanda qurası deyilik. Onların əsas heyətində hansı azərbaycanlı voleybolçu var? Bunun üçün voleybol məktəbləri açmaq, orada idmançıların yetişməyini gözləmək lazımdır. Ona görə də voleybolda uğurun futboldakından asan əldə olunduğunu demək olmaz. Amma bu o demək deyil ki, “İnter”in voleybol komandası olmayacaq. Gələcəkdə bunun olması istisna deyil, lakin indi planımızda belə şey yoxdur. Hələ ötən il Azərbaycan və Bolqarıstan milli komandalarının oyunu zamanı Voleybol Federasiyasının baş katibi Elşən İsmayılov mənimlə görüşüb söhbət etmişdi. O vaxt da belə təklif səslənsə də biz voleybol komandası yaratmaqla bağlı razı olmadıq”.

Höccət Hacıyev: Bu günə belə bir planımız yoxdur

“Xəzər Lənkəran” Futbol Klubunun direktoru Höccət Hacıyev də hələ voleybol klubunun yaratmaq planının tez olduğu qənaətindədir. Komanda rəsmisinin sözlərinə hələlik klubda əvvəldən fəaliyyət göstərən idman növləri ilə kifayətlənəcəklər: “Bu günə belə bir planımız yoxdur. Lakin həm də o demək deyil ki, komanda olmayacaq. Ola bilsin ki, yaxın gələcəkdə fəaliyyət göstərsin. Amma bunun tezliklə reallaşacağı inandırıcı deyil”.

Zaur Əzizov: Gələcəkdə hər şey ola bilər

“Qəbələ” Futbol Klubunun da hələ İdman Klubuna çevirilmək planı yoxdur. Bunu saytımıza açıqlamasında Qəbələnin eyniadlı klubunun baş meneceri Zaur Əzizov deyib. Onun sözlərinə görə, gələcəkdə planlar dəyişə də bilər: “Super Liqada mübarizənin gərginləşməsindən və “Bakı” klubunun voleybol komandası yaratmasından xəbərdaram. Lakin bizim belə fikrimiz yoxdur. Gələcəyə qaldıqda isə hər şey ola bilər”.

Apasport.az-ın araşdırmaları göstərdi ki, ölkənin ən böyük futbol klublarından heç biri hələlik voleybol komandası yaratmaq fikrində deyil. Lakin Super Liqada “Neftçi”ni görə bilərik. Amma bu, İdman-Sağlamlıq Cəmiyyətini təmsil edən komanda olacaq. Digər klublar isə bunu gələcəkdə mümkün olmasını istisna etmir.

Qeyd edək ki, hazırda qadınlardan ibarət Azərbaycan Super Liqasında 7 klib mübarizə aparırı. Bunlar “Rabitə”, “Azərreyl”, “Bakı”, “Lokomotiv”, “İqtisadçı”, “Azəryolservis” və “Lokomotiv-Biləcəri”dir.

Tahir HÜMMƏTOV