Milli komandamızın heyəti açıqlandı
20.03.2012 - 12:05
Milli komandamızın heyəti açıqlandı
Sabah qadın həndbol yığmaları arasında AÇ-2013-ün seçmə qrup mərhələsi çərçivəsində 3-cü turun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, həmin gün baş məşqçisi Rəfiqə Şabanova olan Azərbaycan yığması "ABU-Arena"da Belarus millisini qəbul edəcək.

Artıq Şabanova Belarusa qarşı oyunda xidmətindən yararlanmaq istədiyi 16 oyunçunun adını elan edib. Heyətdə Səbinə Huriyeva, Anna Cəfərova, Valentina Salamaxova, Rusmiyə Xametova, Alena Şulindina, Səkinə Abbasova, Yana Qornak, Marina Tankatskaya, Vəfa Məmmədova, Rəna Həsrəddinova, Yuliya Lukyanenko, Yekaterina Peçe, İrina Qasımova, Günel Əliyeva, Yuliya Deryabina, Olqa Poqonina və Fərqanə Həzərova yer alıb.
Dünən Bakıya gələn Belarusun da heyəti bəllidi.

Baş məşqçi Leonid Brazin Azərbaycan yığmasına qarşı oyunda aşağıdakı oyunçuların xidmətindən yararlanmağa çalışacaq: Yelena Abramoviç ("Ferentsvaroş", Macarıstan), Alesiya Safonova (BHTU-BelAZ), İrina Dronova (Qomel), Hatalya Kotina (Qorodniçanka), Hatalya Vasilyevskaya (Qorodniçanka), Alesiya Kurçankova ("Vikar-Qoyya", İspaniya), Valentina Hesteruk ("SPR-Lyublin", Polşa), Tatyana Tsıribko (Qomel), Anastasiya Lobaç ("Dunareya", Rumıniya), İrina Spas (Qordniçenka), Liliya Artyuxoviç ("Luç", Rusiya), Yekaterina Drozdova (BHTU-BeoAZ), Yekaterina Lisok (Arkatrop), Valentina Yankovskaya ("Astraxanoçka", Rusiya), Anna Stepanova ("Vitasek", Avstriya) və Yekaterina Dubovtsova (Qomel).

Oyunu xorvatiyalı Yelena Crnoyeviç idarə edəcək. İkinci hakim funksiyası isə həmyerlisi Emina Kostecki Radiçə tapşırılıb.

Yığmamızın Belarusla cavab oyunu martın 25-də Belarusun Mogilyov şəhərindəki "Olimpiya" idman arenasında olacaq. Yığmamız yer aldığı qrupda indiyədək 2 görüş keçirib. Səfərdə Macarıstan yığmasına 19:49 hesabla uduzan həndbolçularımız evdə almanlarla bacarmayıb - 16:34. Düzdür, millimizlə eyni qrupda yer alan və martın 21-də Bakıda qarşılaşacağı Belarus yığması da ilk iki oyunda məğlubiyyətlə üzləşib. Ancaq bununla belə, qrupda sonuncu pilləni Azərbaycan yığması tutur.

1. Almaniya 2 2 0 0 61-35 4
2. Macarıstan 2 2 0 0 69-44 4
3. Belarus 2 0 0 2 44-55 0
4. Azərbaycan 2 0 0 2 35-75 0