“Həm “Bakı”, həm də federasiya cəza alacaq”
23.08.2012 - 11:41
“Həm “Bakı”, həm də federasiya cəza alacaq”
“Bakı” voleybol klubunun vitse-prezidenti Tunc Afşarın apasport.az saytına müsahibəsi

- Ötən mövsüm “Çelenc Cup”ın finalına kimi irəliləyən və Super Liqanın bürünc medalını qazanan “Bakı”nın hazırkı durumu ilə bağlı nə deyə bilərsiz? Deyəsən, komandanın fəaliyyətini davam etdirməsi sual altına düşüb...
- Bəli. Hələlik komandamızın çıxışını davam etdirəcəyi ilə bağlı nəsə demək mümkün deyil, tezliklə hər şeyə aydınlıq gələcək.

- Bu məsələnin müzakirəsi təxminən nə vaxta nəzərdə tutulub?
- Bir həftə ərzində bilinər.

- Bəs bu kimdən asılıdır, kim qərar verməlidir?
- Klubun prezidenti Hafiz Məmmədovla görüşəcəyik, müzakirə edəcəyik. Qərarı da o verəcək.

- “Bakı”dan fərqli, bütün klublar heyətlərini formalaşdırıb, hazırlıqlara başlayırlar. “Bakı”nın isə transfer bazarında artıq uduzduğu da müşahidə olunur...
- Təbii, düz deyirsiz. Ancaq klub çıxışına davam edəcəyi halda transferlərimiz reallaşdıracağıq.

- Fəaliyyətinizi davam etdirsəz, baş məşqçi məsələsini necə yoluna qoyacaqsız? Ötən mövsümkü çalışdırıcınız Ancelo Vercesi ilə yollarınızı davam etdirmək planlarınıza daxildirmi?
- Biz hələ xəbər gözləyirik. Əgər komanda yaşayarsa, məşqçini və oyunçuları mən gətirəcəm. Bir neçə variant var. Amma indi konkret nəsə deyə bilmirəm. Çünki Hafiz bəyin çıxışla bağlı yekun qərar verməsi lazımdır. Bundan sonra həmin məsələyə baxacağıq.

- CEV kubokunda da mübarizə aparmalı olan komandanız fəaliyyətini dayandırarsa, Avropa Voleybol Konfederasiyası sizi cəzalandıra bilər...
- Təbii ki, bu belədir. Yarışdan çəkilərsə, həm “Bakı”, həm də Azərbaycan Voleybol Federasiyası cəzalanacaq.

- Cərimənin məbləğini bilirsizmi?
- Bu barədə dəqiq məlumatım yoxdur.

- Çıxışınızı dayandırsaz və nəticədə CEV kubokunda iştirak edə bilməsəz, ola bilərmi ki, “Bakı”nı “Azəryolservis” və ya başqa klub əvəzləsin?
- Çox güman ki, elə olacaq.

- Komandanızın bir çox voleybolçusu özünə yeni klub tapıb. Hələ sizin cavabı gözləyən oyunçularınızdan zəng edib, vəziyyətlə maraqlanan və klubda qalmaq istəyən varmı?
- Bəli, soruşanlar olub. Bu siyahıda digər voleybolçular da var. Hər kəs maraqlanır ki, necə olacaq.

- “Bakı”da çıxış edən həyat yoldaşınız, Azərbaycan yığmasının toppaylayıcısı Natəvan Qasımovanın durumu nə yerdədir? Çıxışını harada davam etdirəcəyi ilə bağlı qərar veribmi?
- O da “Bakı”nın son qərarını gözləyir. Hər şeyə aydınlıq gəldikdən sonra Natəvanın da hansı klubda oynayacağı bilinəcək.