Əfsanə millimizi təriflədi
28.08.2012 - 10:17
Əfsanə millimizi təriflədi
“Azərbaycanda özümü evdəki kimi hiss edirəm. Bu xalqın qonaqpərvərliyi və istiqanlılığı məni valeh edir”. Apasport.az saytının məlumatına görə, bunu Rusiyanın “Uraloçka” klubunun baş məşqçisi Nikolay Karpol deyib.

Yeni mövsümdə Çempionlar Liqasında çıxış edəcək Yekaterinburq təmsilçisi ənənəvi olaraq, Bakıda təlim-məşq toplanışı keçir. Növbəti dəfə paytaxtımıza üz tutan komanda bu dəfə Azərbaycan millisi ilə birgə hazırlaşacaq.

Əfsanəvi məşqçi bildirib ki, ölkəmizdə idmana göstərilən qayğı London Yay Olimpiya Oyunlarında da layiqincə sübut olunub: “Olimpiadada əldə etdiyiniz uğurlar Azərbaycanın idmana və idmançılara göstərdiyi diqqət və qayğının nəticəsidir”.

O, millimizin Avropa çempionatının seçmə mərhələsində çıxışını da dəyərləndirib: “Bu gün komandanızın tərkibində bir neçə aparıcı oyunçuların zədəli olmasına baxmayaraq, onların yarışda uğurlu çıxışına ümid edirəm. Mən Azərbaycan voleybolunun gələcəyinə də nikbin baxıram. Çünki Voleybol Federasiyanızın rəhbərliyində yaxın dostum və tanınmış mütəxəssisi Faiq Qarayev yer alır. Onun yetirmələrinin Avropa çempionatının finalında uğur qazanmasına heç bir şübhə etmirəm”.