“Mənim sevgilim digər kişilərdən çox fərqlənir” - MÜSAHİBƏ
29.08.2012 - 12:10
“Mənim sevgilim digər kişilərdən çox fərqlənir” - MÜSAHİBƏ
2010/2011 mövsümündə “Rabitə” ilə Azərbaycan çempionu olan, son ildə “Lokomotiv”lə “Çelenc Cup”ı qazanan Diana Nenova Bolqarıstan mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular”ın kapitanı bu dəfə çıxış etdiyi klubdan və ya yığmadan deyil, sevgidən danışıb.

O, London Yay Olimpiya Oyunlarının boks turnirində həmyerlimiz Teymur Məmmədovla (91 kq) yanaşı fəxri kürsünün 3-cü pilləsində yer alan Tervel Pulevlə fəxr etdiyini deyib. 3 ildir birgə yaşayan cütlüyün 3 yaşında Kaloyan adlı oğulları olsa da, hələ rəsmi nikah bağlamayıblar. Yeni mövsümdə də “Lokomotiv”də oynayacaq bolqarıstanlı legioner hələ buna ehtiyac olmadığını da açıqlayıb.

- Pulevi seçməyinizin səbəbi nədir?
- Mənim sevgilim digər kişilərdən çox fərqlənir.

- Onun üstünlüyünü nədə görürsüz?
- O, voleybolun prinsiplərini yaxşı başa düşür. Bilir ki, mən daim ondan uzaqda – komandamın düşərgəsində olmalıyam. Biz bu məsələdə elə ilk gündən bir-birimizi yaxşı başa düşürük.

- Artıq neçə ildir bir yerdəsiz. Sevginizin bəhrəsi kimi, 3 yaşlı oğlunuz da var. Bəs nədən rəsmi nikah bağlamırsız?
- Bunun üçün həmişə vaxtımız var. Niyə tələsək ki? Həm də nikah bizim üçün o qədər də vacib deyil.

- Nə vaxta kimi gözləmək fikriniz var?
- Açığı, Pulev mənə hələ də evlilik təklif etməyib. Birgə yaşayırıq, oğlumuz var. Bu da bizim üçün kifayətdir.

- Amma yəqin ki, hərdən toy barədə də fikirləşirsiz...
- Düzünə qalsa, ərə getməyə vaxt tapa bilmirəm. Toplanışlar, məşqlər, hazırlıqlar üzündən daim məşğul oluram.

- Bir-birinizdən uzaqda yaşayırsız. Bu amil qısqanclığa səbəb olmur?
- Biz qısqanclıq haqda heç düşünmürük də. Çünki hər ikimiz üçün daha vacib olan şeylər var. Məncə, qısqanclıq vaxtın mənasız yerə itirilməsidir.

- Siz heç qısqanmamısız?
- Tanışlığımızdan sonra ilk vaxtlar mən də Terveli qısqanırdım. Lakin sonra dərk etdim ki, bu hiss özünə güvənməyən insanlara xasdır. Bunun üçün hər şey uğurla davam edir.