Millimizdən parlaq, amma faydasız qələbə
05.09.2012 - 22:58
Millimizdən parlaq, amma faydasız qələbə
Kişi basketbolçulardan ibarət yığmalar arasında AÇ-2013-ün seçmə qrup mərhələsində növbəti turun oyunları keçirildi. B qrupunda yer alan Azərbaycan yığması "Sərhədçi" Olimpiya İdman Mərkəzində əsas rəqiblərindən biri olan İsveçi qəbul etdi.

Bəlli görüş qrupda ən azı 3-cü yeri tutmaq və AÇ-2013-ün gələn ilin sentyabrında keçiriləcək finallarına qatılmaq baxımından mühüm xarakter daşıyırdı. Bunun üçünsə Elxan Əliyevin yetirmələri görüşü qələbə ilə başa vurmalıydı.

Baş hakimi Anar Esteron (İsrail), hakimləri isə Sergey Zaşşuk (Ukrayna) və Siprion Stioka (Rumıniya) olan görüş 82:76 (25:19, 15:20, 20:19, 22:18) hesabla bitincə Azərbaycan yığması aktivinə növbəti qələbəni yazdırdı. Ancaq təəssüf ki, bu uğura bir o qədər sevinə bilmədik.

Çünki 3-cü yeri tutan ən yaxşı 4 komandadan biri olmaq üçün millimiz əsas rəqibiylə görüşdəki şəxsi nəticəsini də yaxşılaşdırmalıydı. İsveçdə daha böyük hesabla yenilmiş millimiz heç olmasa, 13 top fərqiylə qalib gəlməliydi ki, şansı qalsın. Amma hakimlərin də ciddi cəhdlə mane olduğu millimiz istəyinə çata bilmədi.

Bununla belə, kiçik oyunçu heyətiylə qazanılan bu qələbə də yığmamızın səviyyəli oyun göstərməsinin nümunəsidi.