“Çətin sınaqdır, amma...”
06.09.2012 - 09:28
“Çətin sınaqdır, amma...”
“Bizə mütləq 13 xal fərqi ilə qələbə vacib idi. Bəzi xırda səhvlərə yol verdik ki, bu da oyunu istədiyimiz hesabla başa vurmağımıza mane oldu”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin basketbolçusu Orxan Aydın deyib.

O, Avro-2013-ün seçmə mərhələsinin VIII turunda İsveçlə matçı şərh edib. Perspektivli basketbolçumuz 82:76 hesabı ilə qalib gəldiyimiz oyundan elə də razı qalmayıb. Çünki mərhələ adlamaq ən azı 13 top fərqi ilə qələbə qazanmağımız lazım idi ki, bu da gerçəkləşmədi. Aydın bildirib ki, buna baxmayaraq son turda Almaniyanı məğlub etmək üçün bütün güclərini ortaya qoyacaqlar: “Mən isveçlilərlə matçda komanda üçün əlimdən gələni etməyə, oyunumuzu nizamlamağa və topu itirməməyə çalışırdım. İndi bizi uzaq Almaniya səfəri gözləyir və bu dueldən qələbə ilə ayrılmaq lazımdır. Çətin sınaqdır, amma biz bunu gerçəkləşdirməyə çalışmalıyıq”.

Qeyd edək ki, Almaniya – Azərbaycan matçı sentyabrın 11-də olacaq.