“Rabitə” 2 türk, 1 rus klubuna qarşı
02.10.2012 - 13:57
“Rabitə” 2 türk, 1 rus klubuna qarşı
“Rabitə” Türkiyənin Ankara şəhərində keçirilən beynəlxalq voleybol turnirində iştirak edəcək. Apasport.az saytının məlumatına görə, son illərin dəyişməz Azərbaycan çempionu 4 komandanın qatıldığı yarışın iştirakçıları arasında olacaq. Bakılılar yerli “Əczaçıbaşı”, “Ankara TED Kolleclilər” və Rusiyanın “Dinamo” (Moskva) klubları ilə mübarizə aparacaq. Oktyabrın 3-də qonşu ölkəyə yollanacaq “Rabitə”nin yeni baş məşqçisi Marçello Abbondanza üçün bu turnir postunda debütlə əlamətdar olacaq.

Artıq turnirin təqvimi də dəqiqləşib. Təmsilçimiz ayın 4-də Bakı vaxtı ilə 17:30-da rusiyalılarla görüşəcək. Ertəsi gün eyni vaxtla Ankara təmsilçisi ilə qarşılaşacaq komandamız son matçını oktyabrın 6-da keçirəcək. Həmin gün saat 21:00-da voleybolçularımız “Əczaçıbaşı” ilə qarşılaşacaq.

Qeyd edək ki, yarışda əsas məqsəd Qətərdə keçiriləcək dünya çempionatına hazırlıqdır. Mundialın son qalibləri titulunu qorumaq üçün taktiki gedişləri Ankarada sınaqdan çıxaracaq.