Marçello Abbondanza: Qətərdə lazımı nəticəyə ümid bəsləyirəm
09.10.2012 - 14:37
Marçello Abbondanza: Qətərdə lazımı nəticəyə ümid bəsləyirəm
Son illər Azərbaycanın dəyişməz çempionu olan qadın voleybolçulardan ibarət “Rabitə” klubunun rəhbərliyi bu gün mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, “Sərhədçi” Olimpiya Mərkəzində keçirilən tədbirdə komandanın italiyalı baş məşqçisi Marçeдlo Abbondanza, yeni kapitanı Mira Qoluboviç və klubun idman-direktoru İlqar İmamquliyev iştirak edib.

Onlar “Rabitə”nin yeni mövsümdə çıxış edəcəyi yarışlarla bağlı jurnalistlərin suallarını cavablandırıb.

İmamquliyev qatılacaqları turnirlərdə yüksək səviyyədə çıxış etmək fikrində olduqlarını bildirib: “Qətərdə keçiriləcək klublararası dünya çempionatında titulumuzu qorumağı qarşımıza məqsəd qoymuşuq. Əsas hədəfimiz Çempionlar Liqasının qalibi olmaqdır. Bunun üçün komandamızın potensialı var. İştirak edəcəyimiz bütün yarışlarda Azərbaycanı layiqincə təmsil edib, bizi həmişə dəstəkləyən azarkeşləri sevindirməyə çalışacağıq”.

Abbondanza davam edən hazırlıq və hədəflər haqda danışıb: “Klublararası dünya çempionatına hazırlaşmağa yetərincə vaxtımız olmadı. Ancaq buna baxmayaraq, Qətərdəki həmin yarışa çempion olmağa yollanırıq. Komandamızda böyük dəyişiklər olub. Nəticə qazanmaq üçün oyunçuların bir-birinə uyğunlaşmağı lazımdır. Biz də bunun üçün proqramla çalışırıq. Qarşıdakı yarışda lazımı nəticə qazanacağımıza ümid bəsləyirəm. Hədəfimiz Çempionlar Liqasının qalibi olmaqdır”.

Qoluboviç də növbəti mövsümlə bağlı nikbinliyini ifadə edib: “Klublararası dünya çempionatı “Rabitə”nin kapitanı kimi ilk yarışım olacaq. Məsuliyyəti dərk edirik. Hamımız çalışacağıq ki, komandamızın adını uca tutaq. Proqnoz verməyi xoşlamıram. Ancaq dünya çempionatında qalib olmaq üçün var-gücümüzlə oynamalayıq”.