Marçello Abbondanza: Bu, bizim üçün yaxşı dərs oldu – MÜSAHİBƏ
09.10.2012 - 16:37
Marçello Abbondanza: Bu, bizim üçün yaxşı dərs oldu – MÜSAHİBƏ
Azərbaycan çempionu “Rabitə” dünya çempionatı öncəsi mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, klubun baş məşqçisi Marçello Abbondanza mundiala hazırlıq və voleybolçuların hazırkı durumunu dəyərləndirib.

- Komandanız bir neçə gündən sonra Qətərin paytaxtı Dohada klublararası dünya çempionatında iştirak edəcək. Hazırlığınızı necə dəyərləndirərdiz?
- Hazırlıq üçün vaxtımız elə də çox olmadı. Mövsümün əvvəlində belə sanballı yarış keçiriləcəyindən yarışa tam hazır qatıla bilməyəcəyik. Heyətimizdə kifayət qədər dəyişiklik edilib. Lakin buna baxmayaraq, həmin voleybolçuların əvəzinə güclü oyunçular komandaya cəlb olunub. İndi əsas məqsədimiz onların bir-birinə uyğunlaşması və komanda oyunu nümayiş etdirməsidir. Yetirmələrim tam formada isə təxminən yanvar-fevral ayında olacaq ki, həmin vaxt da Çempionlar Liqasının pley-off mərhələsinə təsadüf edəcək. İnşallah, bu oyunlara vəsiqə qazansaq, ən yaxşı oyunlarımızı görəcəksiz.

- Əzəli rəqibiniz “Azərreyl”dən fərqli, siz 1 turnirdə gücünüzü yoxladınız. Bu, oktyabrın 13-19-da Dohada baş tutacaq dünya çempionatında komandanıza uyğunlaşmaq baxımından hansısa problem yaratmayacaq?
- Düzdür, çox turnirlərə qatılmaq həm uyğunlaşmaq, həm də yeni mövsümə lazımınca hazırlaşmaq baxımından yaxşıdır. Lakin bizim də öz proqramımız var və ona uyğun işlərimizi qurmuşuq. Türkiyədə 1 yarışda mübarizə apardıq və 2 oyunda məğlub olduq. Amma bu hazırlıq xarakteri daşıdığından Ankarada qələbə ardınca yollanmamışdıq. Əsas məqsədimiz taktiki gedişləri nəzərdən keçirmək idi. Bu baxımdan da məğlubiyyət bizə yaxşı dərs oldu ki, bundan lazımı nəticəni çıxaraq. Zəif nöqtələrimizi görüb, çatışmazlıqları aradan qaldıraq. İnanıram ki, gündən-günə daha yaxşı oynayacağıq.

- Bakıda da yoxlama oyunu keçirməyi planlaşdırırsızmı?
- Bəli, məşqlərimizi burada sınaq görüşləri ilə yekunlaşdıracağıq. Bu gün “Bakı-Azəryolservis”, sabah isə “Azərreyl”lə qarşılaşacağıq.

- Dohada qarşılaşacağınız rəqibləri analiz edib, zəif və güclü mövqelərini müəyyənləşdirmisizmi?
- Təbii ki, hər bir rəqiblərimiz barədə lazımı məlumatları toplamışıq. Onların hər biri incələnib. Lakin bizim üçün hazırda əsas məqsəd öz oyunumuzdur. Bunu Bakıda son yoxlama matçlarında bir daha görüb, analiz edəcəyik.

- Komandanızda kifayət qədər dəyişikliyin olduğunu dediniz. Maraqlıdır, mundial üçün start heyətini özlüyünüzdə dəqiqləşdirmisizmi?
- Xeyr, bu, hələ bəlli deyil. Çünki heyətimizdə eyni gücdə olan 13 voleybolçu yer alıb. Bunun üçün əvvəlcədən start heyəti müəyyənləşdirmək düz olmaz. Kifayət qədər geniş heyətimiz olduğundan hər oyuna görə meydana fərli start “altılığı” ilə çıxacaq. Bundan əlavə, mən özümdə hansısa voleybolçunu qeyd edə bilərəm. Lakin son anda hansı oyunçu daha hazırlıqlı olsa, meydanda da o yer alacaq.

- Bəs komandanızı dünya çempionatına neçə faiz hazır hesab edirsiz?
- 40 faiz. Lakin əla potensialımız var və mövsümün gedişini bunu nümayiş etdirəcəyik.

- Ötən mövsüm topqəbulu “Rabitə”nin “axsayan” mövqeyi hesab olunurdu. Yeni ildən bu nəzərə çapmayacaq ki?
- Bizim hazırda çox güclü hücumçularımız və mərkəz voleybolçularımız var. Onları topla lazımınca təmin etmək üçün öncə topqəbulu yaxşı olmalıdır. Biz hazırda məşqlərdə də bunun üzərində işləyirik ki, uyğunlaşaq.

- Yəqin ki, dünya çempionatına görə hələlik Çempionlar Liqası ikinci plana düşüb. Buradakı rəqiblərinizi də izləyirsizmi?
- Son 3 ildə çalışdırdığım İtaliyanın “Villa Kortese” klubunda da kifayət qədər dəyişiklik olub. Onlar əsasən avropalılara üstünlük veriblər və ucaboyu voleybolçularla gücləniblər. “Atom”a gəldikdə, Polşa voleybolunun səviyyəsi son illərdə yüksələn xətlə inkişafdadır və Sopot təmsilçisi güclüdür. Çexiya “Agel”i isə “qara qutu” ola bilər. Buna baxmayaraq, qrup mərhələsinin bizə bir qədər rahat olacağı qənaətindəyəm. Çalışacağıq ki, bütün yarışlarda inamlı təsir bağışlayaq.