“Rabitə”dən daha bir ilk: 2-ci dəfə İstanbulda!
14.02.2013 - 18:58
“Rabitə”dən daha bir ilk: 2-ci dəfə İstanbulda!
Azərbaycan çempionu “Rabitə” yeni tarix yazıb. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi qadın voleybolçular arasında Çempionlar Liqasının “Dördlər finalı”na 2 dəfə yüksələn ilk Azərbaycan klubu olub.

“Rabitə” bu nailiyyətə Rusiya çempionu “Dinamo”ya (Kazan) cavab oyununda da qalib gəlməklə imza atıb. Bununla da “Rabitə” 2011-ci ildəki uğurunu təkrarlayıb. 2 il əvvəl “Dördlər finalı”na yüksəlməklə “Azərreyl”in göstəricisini təkrarlayan çempionumuz artıq əzəli rəqibini də arxada qoyub. Belə ki, 2004-cü ildə “Dördlər final”ına yüksələn ilk Azərbaycan klubu kimi tarixə düşən “dəmiryolçular” hələ də ikinci uğurun həsrətindədir.

Qeyd edək ki, bu, Azərbaycan voleybol tarixində “Rabitə”nin ilk rekordu deyil. Təmsilçimiz çoxsaylı belə nailiyyətlərindən biri 2011-ci ildə İstanbulda keçirilən “Dördlər finalı”da qeydə alınıb. Həmin vaxt komandamız yalnız finalda uduzmaqla, ikinci olub. Bununla da 2004-cü ildə 4-cü olan “Azərreyl”in göstəricisini kölgədə qoyub. İkinci dəfə “Dördlər finalı”na yüksələn “Rabitə” 2 il əvvəl olduğu kimi yenə İstanbulda kubok uğrunda mübarizə aparacaq.