“Çalışmalara ilin əvvələrində başlamışıq. Məqsədimiz basketbol haqda geniş məlumat vermək, insanlarda bu idman növünə maraq yaratmaqdır”.
Apasport.az saytının məlumatına görə, bunu seleksiya üzrə baş koordinator Zərbəli Sahibcanov deyib.
Azərbaycan Basketbol Federasiyasının (ABF) “Yeni nəfəs, yeni başlanğıc” adlı tədbirində çıxış edən Sahibcanov ilk aylarda gördükləri işlər barədə danışıb: “Yanvarda planlarımızı rəhbərliyə təqdim etdik. Ölkə üzrə hündürboylu uşaqların axtarışına çıxdıq. Əvvəlcə seminarlar təşkil etdik. Fevralda ölkənin bir neçə bölgəsində fiziki tərbiyə üzrə məşqçilərlə seminarlar təşkil etdik. Məqsədimiz region birinciliklərin keçirilməsi yönündə çalışmaq, basketbol haqda oyun qaydaları barədə məlumat vermək idi”.
O, şəhər və rayonlar üzrə daxili birinciliklər təşkil olunduğunu sözlərinə əlavə edib: “Qrupumuzun üzvləri bu yarışları müşahidə edib, yarışlarda iştirak edən şagirdlər arasında uyğun uşaqlar seçilib. Ümumilikdə 1416 komanda iştirak edib, onlardan 891-i oğlanlar olub. 8038 oğlan, 4687 qızlar yarışlarda qüvvəsini sınayıb. Bakıda ümumilikdə 136 komanda yarışlara qatılıb. Bizim tərəfimizdən 79 nəfər seçilib. 24 komanda final mərhələsinə vəsiqə qazanıb. Onlardan 12-si oğlanlardan, 12-si qızlardan ibarət komanda olub. Final mərhələsi mayda start götürəcək”.
Sahibcanov bildirib ki, ümumilikdə seleksiyaçıların seçdiyi uşaqlardan 86-sı qız, 109-u oğlan olub: “Növbəti illərdə də seleksiya işlərini davam etdirməyi və məktəblərdə xüsusi siniflərin sayını artırmağı planlaşdırırıq. 5-6 il ərzində hər il 11-12 yaşlı uşaqlar arasında seçim etmək niyyətindəyik. Bununla milli komandamız üçün yetərində potensial qüvvə formalaşacaq. Bu uşaqlar məktəblərdə xüsusi siniflərə yerləşdiriləcək. Xüsusi siniflərdə kənarda qalan uşaqlar da yerli məşqçilər tərəfindən təlim-məşq prosesinə cəlb olunacaq”.
O, ötən müddət ərzində Azərbaycanda Respublika turnirləri təşkil olunduğunu vurğulayıb: “Son illərin statistikasına nəzər salsaq, bunlar ən yüksək göstəricilərdir. Ümumilikdə federasiya kuboku yarışlarında 705 oğlan, 269 qız iştirak edib. Növbəti mövsümdən hər kateqoriya üzrə yarışlar keçirməyi planlaşdırırıq. Oyunlar şənbə və bazar günləri fərqli məkanlarda olacaq. Hər liqa üçün ayrı məkan ayrılacaq”.
Koordinator hakimlərin inkişaf planı barədə işlər görüldüyünü də sözlərinə əlavə edib: “Hazırda ADBTİA və federasiyada müntəzəm dərslər keçirilir. Bu proqram bizə gələcəkdə daha çox hakimə sahib olmaq imkanı verəcək”.