Millimizin voleybolçusu: "Səhvlər həlledici anlarda qələbə qazanmağımıza mane oldu"
30.05.2024 - 12:18
Millimizin voleybolçusu: "Səhvlər həlledici anlarda qələbə qazanmağımıza mane oldu"

“Yarışa hazırlıqlarımız yaxşı keçdi. Sloveniyadakı təlim-məşq toplanışında yoxlama oyunları keçirmək imkanımız oldu ki, bu da qısa vaxtda komandamızın uyğunlaşmasına kömək etdi”.

Apasport.az xəbər verir ki, bu sözləri qadın voleybolçulardan ibarət Azərbaycan millisinin blokçusu Anastasiya Mertsalova Qızıl Avropa Liqası ilə bağlı federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

Voleybolçu ciddi hazırlıq prosesindən sonra ilk qarşılaşmaya motivasiyalı çıxdıqlarını bildirib: “Bu, nəticədə də özünü göstərdi. Növbəti oyunlar isə plan üzrə getmədi. Bildiyim qədər digər komandalar bir heyətlə uzun müddətdir oynayırlar. Bəlkə də bizim çatışmayan cəhətimiz məhz bu amildir ki, son oyunlarda da özünü büruzə verdi. Çox səhvlər etdik, bu da həlledici anlarda qələbə qazanmağımıza mane oldu”.

O, Bakıda Estoniya və Avstriya yığmaları ilə keçiriləcək oyunlara da toxunub: “Bu matçlar da bizim üçün çox vacibdir. Öz evimizdə yaxşı oynayıb qalib gəlmək və azarkeşlərimizi sevindirmək istəyirik. Qələbə üçün hər şeyi edəcəyik və düşünürəm ki, doğma divarlar bizə kömək olacaq”.

Qeyd edək ki, Azərbaycan millisi Qızıl Avropa Liqasının ilk oyununda Xorvatiyaya (3:0) qalib gəlib. Növbəti görüşlərdə isə Rumıniya (0:3), Slovakiya (1:3) və İsveç (0:3) yığmalarına məğlub olub.

0