Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının final mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, Voleybol Mərkəzində keçirilən qarşılaşmalarda meydana öncə “Neftçi” və MOİK çıxıb.
3-cü yer uğrunda ilk görüşdə “ağ-qaralar” qələbə qazanıblar. “Hərbiçilər” üçüncü hissədə fərqi azaltsalar da, bundan artığına gücləri çatmayıb və “Neftçi” 3:1 hesabı ilə qalib gəlib.
Bu matçın ardınca qızıl medal üçün mübarizəni davam etdirən “Lokomotiv”lə “Sərhədçi” bir-birini sınağa çəkib. Gərgin və maraqlı keçən final qarşılaşmasından “dəmiryolçular” üstün ayrılıblar. Azərbaycan çempionu rəqibini 3:0 hesabı ilə məğlub etməklə, qızıl medallara bir addım yaxınlaşıb.
Komandalar arasında ikinci oyunlar aprelin 21-də keçiriləcək.
Qeyd edək ki, 2 oyunda qələbə qazanacaq klub qalib olacaq. Əgər cütlərdə hər klub bir dəfə üstün olarsa, onlar arasında daha bir görüş təşkil ediləcək.
Yüksək Liqa
19 aprel
İlk oyunlar
Final
“Lokomotiv” – “Sərhədçi” - 3:0 (25:23, 25:23, 25:19)
Voleybol Mərkəzi
3-cü yer uğrunda
“Neftçi” – MOİK - 3:1 (25:19, 25:21, 21:25, 25:8)
Voleybol Mərkəzi