“Avropanın ən güclüsü olacağımıza çox inanıram” - MÜSAHİBƏ
13.03.2014 - 00:01
“Avropanın ən güclüsü olacağımıza çox inanıram” - MÜSAHİBƏ

“Rabitə” voleybol klubunun baş məşqçisi Eldar Yusubovun apasport.az saytına müsahibəsi

 

- Çempionlar Liqasının “Dördlər finalı”nın startına cəmi 2 gün qalır. Komandanı turnirə hazır hesab etmək olarmı?

- Bəli, artıq bir neçə aydır gərgin keçən hazırlıqlardan sonra voleybolçularımızın hər biri əla formadadır. Bunun üçün bu gün komandanı ən yüksək səviyyədə görürəm. Düzdür, hər klubda bəzi çatışmazlıqlar var. Amma bunlar çox xırda şeylərdir və mənə elə gəlir ki, “Dördlər finalı”na kimi aradan qaldırılacaq. Hər şeyin bizim üçün yaxşı alınacağına və Avropanın ən güclüsü olacağımıza çox inanıram. Çünki klublararası dünya çempionatının qalibi olan “Rabitə”nin hədəfi bu dəfə xalqımıza Çempionlar Liqasının qızıl medallarını hədiyyə etməkdir.  

 

- “Dördlər finalı”nın keçiriləcəyi “Kristal Hall”da 4 oyun keçirmisiz. Polşanın “Tauron” klubu ilə 2 yoldaşlıq matçı oynadığınız halda, “Azərreyl” və “Lokomotiv”lə Super Liqa çərçivəsində rəsmi qarşılaşmalarında gücünüzü yoxlamısız. Komandanın zala uyğunlaşdığını demək olarmı?

- Demək olar ki, zala öyrəşirik. Artıq öz zalımız kimi oynayırıq və bu 4 oyunun hamısında inamlı qələbə qazanmışıq. Çalışacağıq ki, “Dördlər finalı”nda da bu uğuru davam etdirək və “Kristal Hall”dan məğlub edilmədən ayrılaq.

 

- Bəs bu oyunlarda komandada hansısa çatışmazlıqları aşkarlayıb, onun aradan qaldırılması istiqamətində işləmisiz?

- Bildirdiyiniz kimi, həmin görüşlərdən 2-si yoldaşlıq, digər ikisi çempionat oyunu olub. Bu qarşılaşmalar böyük əhəmiyyət kəsb etmədiyindən qızlarda lazımı konsentrasiya yox idi. Hazırda hamısının fikrində yalnız “Dördlər finalı”dır və uğur qazanmağı gözləyirlər. Bu səbəbdən də həmin hamısında qalib gəldiyimiz oyunlarda ciddi bir çatışmazlıq görmədim. Çünki xırda səhvlər adətən daha güclü rəqiblərlə qarşılaşdıqda nəzərə çarpır.

 

- “Rabitə”nin “Dördlər finalı” üçün yekun “12-liyi” dəqiqləşib. Maraqlıdır, özlüyünüzdə start heyətini necə müəyyənləşdirmisiz?

- Komandaya gəldiyim ilk gündən “altılığı” dəqiqləşdirmişəm. Yəni bəzi komandalardan bir sıra dəyişikliklər olur. Amma məndə ilk “altılıq” var və 3 aydır bunun üzərində çalışıram. Çox dəyişiklik etməmişəm.

 

- Amma həlledici mərhələ üçün amerikalı Tori Diksonun da adını əlavə etmisiz. Sizcə, Foluke Akinradevonun zədə səbəbindən mövsümü boşa verməsini 21 yaşlı həmyerlisi sığortalaya biləcəkmi?

- O, sonradan bizə qoşuldu. Gənc olmasına baxmayaraq, inamlı təsir bağışlayır. Fikrimcə, “Dördlər finalı”nda da nəyə qadir olduğunu hamı görəcək. Misal üçün bildirim ki, Dikson “Tauron”la yoxlama matçlarından birində 21 xal topladı.

 

- Bu gündən başlayaraq Bakıya gəlməyə başlayan “Dördlər finalı”nın iştirakçıları barədə nə deyə bilərsiz?  

- Öncə qeyd edim ki, bu dəfə həlledici mərhələ əvvəlkilərindən çox fərqlənəcək. Komandaların hamısı kifayət qədər güclüdür və bu səbəbdən azarkeşlər bayram ərəfəsində baxımlı oyunun şahidi olacaqlar. Həmçinin, burada oynayacaq klublar hamısı bir-birini əzbər tanıyırlar. Hətta hamı bütün oyunçular, taktika, statistika ilə bağlı ətraflı məlumata malikdirlər. Sadəcə, qələbəyə layiq oyun göstərmək lazımdır. Fikrimcə, “Rabitə” də bunu bacaracaq.

 

- Əsas start, yəni yarımfinaldır. Burada Kazan “Dinamo”su üzərində qələbə finalda da sizin üçün əlavə stimul ola bilər...

- Bizim də məqsədimiz budur. İstəyirik ki, inamlı çıxışımızla xalqımıza sevinc bəxş edək. Bunun üçün finalda da rəqibimizin kimliyi ciddi əhəmiyyət kəsb etmir. Çünki çempionluğu hədəfləyən komanda hər bir kluba qalib gəlmək gücündə olmalıdır.

 

- “Rabitə” 2011-ci və 2013-cü illərdə Çempionlar Liqasının gümüş medalını qazanıb. Yarımfinal görüşü öncəsi bu sizdə hansısa həyəcan yarada bilərmi?

- Heç bir həyəcandan söhbət belə gedə bilməz. Özümü çox sərbəst hiss edirəm. Yəni, oyun vaxtı da məşq vaxtı da fərq etmir. Düzü, mən də komandaya baş məşqçi təyin olunmamışdan bu barədə fikirləşirdim. Amma indi hər hansı həyəcan yoxdur. Əksinə, mən baş məşqçi kimi bütün voleybolçularımı bu oyunlara lazımınca kökləyirəm.

 

- Komandada psixoloji cəhətdən vəziyyət nə yerdədir?

- Heyət həm fiziki, həm də psixoloji cəhətdən tam hazırdır. Hansısa bir problemimiz yoxdur. Məqsədimiz oyunumuzla azarkeşlərimizi sevindirmək, Bakıda çempionluğumuzu bayram etməkdir. 

0