“Həmin gərginliyi “Fənərbaxça”da çalışarkən yaşamışam” - MÜSAHİBƏ
19.03.2014 - 16:24
“Həmin gərginliyi “Fənərbaxça”da çalışarkən yaşamışam” - MÜSAHİBƏ

“Rabitə” voleybol klubunun məşqçisi Kamil Sözün apasport.az saytına müsahibəsi

 

- Komandanız “Dördlər finalı”nı 3-cü yerdə başa vurdu. Yarışda çıxışınızı necə dəyərləndirərdiniz?

- Həlledici mərhələnin ilk günündə yarımfinalda Kazan “Dinamo”su ilə oynadıq. Rusiya təmsilçisini ötən ilki kimi düşünürdük. Amma “Dördlər finalı”na çox yaxşı hazırlaşaraq, çox yaxşı komanda təsiri bağışladılar. Ötən illə müqayisədə komandaya yalnız italiyalı Antonello Del Kore gəlib ki, o da “Dinamo”nun gücünə əlavə güc qatıb. Xüsusilə, Yekaterina Qamova, Yordan Larson və Kore “üçlüyü” səhvsiz oynadılar. Liberoları da onları əla sığortaladı. Fikrimcə, güclü olduqları üçün də Bakıda çempionluq qazandılar.

 

- “Dinamo” ilə qarşılaşmada qələbə üçün nə çatmadı?

- Biz onlarla daha yaxşı oynaya bilərdik. Sadəcə, ciddi bir stress altında olduq. Voleybolçularımız gözlədiyimiz performansı göstərə bilmədilər. “Dinamo” ilə oyuna yaxşı başlamışdıq. 5:2 hesabı ilə öndəydik. Amma bu hesabdan sonra bütün nəzarət rəqibə keçdi.

 

- Komandanı düşdüyü vəziyyətdən çıxarmaq üçün hansı addımları atdız?

- Biz baş məşqçi Eldar Yusubovla buna çox çalışsaq da, alınmadı. Həmin gərginliyi “Fənərbaxça”da çalışarkən yaşamışam. Ev sahibliyi etdiyimiz yarışda stressdən “Vakıfbank”a uduzduq. Amma Bakıda 2012-ci ildə biz təşkilatçılıq etmədiyimizdən rahat oynayıb, çempion olduq. Ümumiyyətlə, Çempionlar Liqası tarixində “Dördlər finalı”na ev sahibliyi edən klublardan yalnız 2003/2004 mövsümündə İspaniya “Tenerife”si qızıl medallara yiyələnib. Onlardan başqa heç bir komanda yerli publikaya çempionluq sevinci qismət etməyib. Həmin vaxt “Azərreyl” də “Dördlər finalı”na yüksəlmişdi və dördüncü olmuşdu.

 

- Ötən mövsüm “Qalatasaray” hətta medal belə ala bilmədi...

- Bəli, onlar 4-cü oldu. Doğma azarkeşlər arasında keçirdikləri hər 2 oyunda məğlubiyyət acısı yaşadılar.

 

- Bu, sizin Çempionlar Liqasında müxtəlif klublarla 5-ci “Dördlər finalı”nızdır. Bakıdakı həlledici mərhələ ilə əvvəlkiləri necə müqayisə edərdiz? Yəqin ki, Bakıda qələbə qazanan komandaların elə də çətinlik çəkmədiyi ilə razılaşarsız.

- Bəli, Çempionlar Liqasında 5-ci “Dördlər finalı”ım olduğu halda, karyeramda 7-cidir. CEV kubokunda da 2 dəfə eyni uğuru yaşamışam. Müqayisəyə gəldikdə, bu dəfə oyunlar ciddi rəqabət olmadan keçdi. 3 oyunda 3:0, yalnız 1-də 3:1 hesabı qeydə alındı. Digər “Dördlər finalları”nda xala-xal mübarizə gedirdi. Məsələn, bizim “Əczaçıbaşı” ilə üçüncü yer uğrunda keçirdiyimiz oyunda cəmi bir hissədə ciddi rəqabət oldu. Digər oyunlara da nəzər salsaq, bu cəmdə 3-4 hissəyə təsadüf etdi.

0