[b]“Qəbulu mümkün olmayan toplar görmədim” - Yuliya Kərimova[/b]
08.12.2015 - 11:49
[b]“Qəbulu mümkün olmayan toplar görmədim” - Yuliya Kərimova[/b]

“Azəryol”un voleybolçusu Yuliya Kərimovanın apasport.az saytına müsahibəsi

 

- Komandanız son oyunlarda qələbələri sıralayır. Hazırkı durumu necə dəyərləndirərdiz? Yolunuza bu cür davam edə biləcəksizmi?

- Bu uğurda məşqçilər heyətinin rolu böyükdü. Artıq komandada bir-birimizə uyğunlaşmağa başlamışıq. Heyətdə yeni voleybolçular olduğundan buna vaxt lazım idi. Mehriban komandayıq və bu da oyun zamanı bizə çox kömək edir.

 

- “Azəryol” Aleksandr Çervyakovla vidalaşıb, Ziya Rəcəbova tapşırıldı. Əsas heyət oyunçusu kimi, bunu necə qiymətləndirirsiz?

- Bu dəyişiklik hər birimiz üçün çox gözlənilməz oldu. Lakin bu rəhbərliyin qərarıdı. Bizdən heç kim nəsə soruşmayıb. Əlbəttə, Aleksiyeviç yaxşı məşqçidi. İnsan kimi onunla çalışmaq xoş idi. Rəcəbov da yaxşı çalışdırıcıdı və baş məşqçi kimi fəaliyyətə indi başlayır. Düşünürəm ki, onda hər şey alınacaq.

 

- Mövsümdə hədəfiniz nədi? Sizcə, hələ aktivində hansısa medal olmayan komandanız bu uğursuz seriyaya son qoya biləcəkmi?

- İstəyimiz mükafatçılar sırasına düşməkdi. Necə deyərlər, hər şey öz əlimizdədi və bunun ən yaxşısını etməyə çalışırıq.

 

- Super Liqada ən ciddi rəqib kimi, hansı klubun adını çəkə bilərsiz?

- Mənə daha çox “Lokomotiv”ə qarşı oynamaq çətindi. Çünki onların heyətində yaxşı və təcrübəli oyunçular çoxdu.

 

- CEV kubokunda hansı mərhələyə kimi irəliləmək fikrindəsiz?

- Açığı, ilk dəfədi bu turnirdə çıxış edirəm. Əksər komandaları tanımıram. Düşünürəm ki, finala kimi irəliləyə bilərik.

 

- Avrokubokda 1/8 finalda Finlandiyanın “Salo” klubu ilə üz-üzə gələcəksiz. Dekabrın 10-da ilk oyuna çıxacağınızdan artıq rəqibi tam öyrəndiyinizi demək olarmı?

- Çox yaxşı komandadı. Sürətli və kombinasiyalı oyun nümayiş etdirirlər. Artıq rəqibi lazımınca təhlil etmişik. Prinsipcə, “Salo” ilə oyuna tam hazırıq. Məşqçilər korpusu görüşə bizi necə lazımdırsa, elə də kökləyib.

 

- Son qarşılaşmalarda siz oyununuzla diqqət mərkəzinə düşmüsüz. Necə fikirləşirsiz, pik nöqtəsindəsiz, yoxsa...

- Hələ üzərimdə çalışdığım çox şey var. Fikirləşirəm ki, hər şey daha yaxşı ola bilər.

 

- Azərbaycan millisində perspektivinizi necə görürsüz? Sizcə, yığmada yer alan 3 libero - Valeriya Məmmədova, Oksana Kiselyova və Ceyran Əliyevanı əsas heyətdən kənarlaşdıra biləcəksizmi? Onlardan üstün və zəif cəhətlərin hansılardı?

- Fikrimcə, hər şey öz əlimdədi. Mən də onlar kimi oyunçuyam. Hamımızın güclü və zəif cəhətləri var. Hər birimiz də bunların üzərində işləyirik. Məncə, kənardan daha yaxşı qiymət verə bilərsiz.

 

- Azərbaycan çempionatında bir çox ölkədən əcnəbilər çıxış edir. Onlarla dil tapmaq problem yaratmır ki?

- Düzünü desəm, ingilis dilini bilmirəm. Amma bu komanda yoldaşlarımla ünsiyyətimə mane olmur. Əsas odu ki, bir-birimizi başa düşürük.

 

- 2015-ci il sona yaxınlaşır və 2 ilə yaxındı ki, bu komandadasız. Super Liqada elə bir hücumçu varmı, onun topunu götürməkdə çətinlik çəkəsiz?

- Rusiyada Superliqada oynamışam. Hətta orada da qəbulu mümkün olmayan toplar görmədim.

 

- Ümumiyyətlə, çempionatda hansı voleybolçunu xüsusi fərqləndirərdiz? 

- “Lokomotiv”in iki liberosunu xüsusi vurğulayardım. Brenda Kastilyodan öyrənməli çox şey var. “Azərreyl”də toppaylayıcı Nutsara Tomkom çox texnikalı voleybolçudu. Eyni mövqedə çıxış edən gənc oyunçular ondan da çox şey götürə bilər.