[b]Yığmamız “cırtdanlar" arasında[/b]
27.01.2016 - 17:19
[b]Yığmamız “cırtdanlar" arasında[/b]

Basketbol üzrə 16 və 18 yaşadək oğlanlardan arasında keçiriləcək Avropa birinciliyinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, C divizionunda mübarizə aparacaq Azərbaycan millisi də rəqiblərini tanıyıb.

 

Püşkə əsasən Samit Nuruzadənin başçılıq etdiyi yığmamız (U-16) Malta, Kipr, Uels və San-Marino ilə birgə A qrupunda yer alıblar. Digər qrupda Moldova, Cəbəllütariq, Ermənistan, Andorra və Albaniya basketbolçuları münasibətlərinə aydınlıq gətirəcəklər. Qarşılaşmalar iyulun 17-dən 24-dək Nikosiyada olacaq.

 

Tahir Baxşiyevin baş məşqçisi olduğu U-18 yığmamız da A qrupuna düşüb. Onlar Andorra, Cəbəllütariq və Monako ilə güclərini sınayacaqlar. B qrupunda isə Uels, Malta, San-Marino, Kosova və Moldova yığmaları mübarizə aparacaqlar. Görüşlər iyulun 8-15-də San-Marinoda olacaq.

 

Bu arada kiçik ölkələr arasında Avropa çempionatının da püşkü atılıb. Kişi basketbolçuların yarışına ev sahibliyi edəcək Moldova ilkin siyahıda Azərbaycanın olacağını açıqlasa da, komandamız püşkatmaya qatılmayıb.

 

Yerli federasiyanın icraçı direktoru Rüstəm Rüstəmov bildirib ki, Azərbaycan nə kişilərin, nə də qadınların yarışı üçün sifariş ərizəsi verib: “Məqsədimiz gənc nəslin yetişməsidi. Bunun üçün də böyük perspektiv vəd edən U-16 və U-18 yığmalarımızın qitəmiqyaslı yarışda mübarizə aparmasını məqsədəuyğun saymışıq”.

0