Ayxan Abbasov: "Sabah" bizə müraciət etmişdi, onlara dəstək olmalı idik" - Müsahibə
04.08.2024 - 14:39
Ayxan Abbasov: "Sabah" bizə müraciət etmişdi, onlara dəstək olmalı idik" - Müsahibə

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Apasport.az saytına müsahibə verib:

- "Şamaxı"nı Premyer Liqaya tam hazır hesab etmək olar? Hansı planda narahatlığınız var, hansı planda tam arxayınsız?

- Xeyr, tam olaraq hazır deyilik. Yeni komandayıq, yeni futbolçularımız gəlib. Çempionatımızın ab-havasını hələ tam bilmirlər. İlk 5-6 tur, ilk dövrə bizim üçün çox çətin keçəcək. Lakin mən futbolçularımın xarakterinə inanıram. Onların məşqə yanaşmaları, yoldaşlıq görüşlərində özlərini göstərmələrinin şahidi oldum. Ancaq bilirəm ki, çətinlik də olsa, dözəcəyik. Arxayınlıq heç bir yerdə yoxdur. İşimiz çalışmaq, artırmaq və möhkəm olmaqdır.

- Demək olar ki, artıq "Şamaxı" tam komplektləşdi və bundan sonra legioner, ya yerli transferi gözlənilmir? Bütün istədiyiniz, ürəyinizcə olan transferləri reallaşdırdınız?

- Tam komplektləşməmişik. İstərdim ki, hər mövqedə rəqabət olsun. Lakin hazırkı büdcəmiz buna imkan vermir. Transfer olacaq. Hücum xəttinə futbolçu istəyirik. Çünki buna ehtiyacımız var. İmkan olarsa, bir yerli futbolçu da çağırarıq. Lakin bu, büdcədən asılıdır. Hansısa futbolçu olarsa, büdcəmiz imkan verərsə, çox istəyərdik. Boş mövqelərimiz var. Amma bugünkü gündə bu futbolçularla qışa qədər mübarizə aparacağıq. İstədiyimiz, ürəyimcə deyəndə ki, mən duruma görə danışıram. "Şamaxı"nın vəziyyəti və büdcəsinə görə, məncə, yaxşı transferlər etmişik. Futbolçu gətirmək çətin idi. Lakin bu yöndə, qısa vaxt da uğurlu oldu.

-Bir futbolçunun keçidinin alınmaması maraq doğurdu. Namibiya millisinin üzvü Lubeni Haukonqoda hansı problem yarandı ki, müqavilə üçün gəlsə də, tibbi müayinədə problemli çıxdı?

- Bu futbolçunun qanında Hepatit çıxdı. Burada qalmaq üçün icazə də ala bilmədi. Yəni, bu xəstəliyi olanlar icazə ala bilmirlər. Ona görə də, onunla müqavilə imzalamağımız alınmadı. 

- Əslində, "Şamaxı" yeni sezona evdə başlamalı idi. Yəqin ki, ona uyğun da hazırlaşırdınız, amma "Sabah"ın xahişini yerə salmaq istəməmisiz. Bu məsələ necə alındı? Yəni, "Sabah"a jest edərək, Bakıya gəlməyə qərar verdiz, doğrudur? İstəsəydiniz, sezona evdə başlamağı israr edə bilərdiz?

- Bu söhbət onların oyunlarından qabaq olmuşdu. "Sabah" bizə müraciət etmişdi. Avrokuboklarda oynayan digər təmsilçilərimiz də xahiş etsəydi, nəzərə almaq lazım idi. Bilirik, onların da qrup mərhələsinə düşmək şansı var. Üçüncü mərhələni keçərək pley-off mərhələsinə düşmək imkanları az deyil. Yəqin ki, süni örtüklü meydanda oynamaq istəmədilər. Onlar üçün ağır olardı. Bugünkü gündə avrokuboklarda oynayan komandalarımıza dəstək olmalıyıq. Bu tək bizim yox, Azərbaycan futbolunun adıdır. Ona görə də bunu normal qarşılayıram.

- Ümumiyyətlə, "Sabah" haqda hansı fikirdəsiz? "Makkabi"yə səfərdə qalib gəlsələr də, evdə işlər bir-birinə qarışdı, 3:6 uduzdular, sonda penaltilərlə mərhələni xilas etdilər. "Sabah"ın avrokuboklarda uğurlu çıxışının davamına inanırsızmı və onlarla görüşdən nə gözləyirsiz? 

- Öncə "Sabah"ı təbrik edirəm. "Makkabi" çox güclü komandadır. Real götürsək, cütün favoriti kimi hamı "Makkabi"ni qeyd edirdi. "Sabah" ilk oyunda yaxşı çıxış etdi. Həm müdafiədə, həm hücumda belə idi. Lakin Bakıda "Makkabi"nin daha aqressiv olması, rəqibi təhlil etməsi, ciddi yanaşdığı görünürdü. Bilirik, çox qol buraxıb, amma əsas turu keçməkdir. Mən nəyə sevinirəm? İlk dəfə avrokuboklarda komandamız penaltilər seriyasında qalib gəldi. Bu sindrom da sındı. Qalibiyyət qalibiyyətdir də. Əsas məqsəd mərhələni adlamaqdır. İndi bunu müzakirə etmək yersiz olardı. Güclü komandanı keçiblərsə, demək ki, yaxşı çıxış ediblər. 

- Yorğun ola bilərlər və bu sizin üçün üstünlük sayıla bilər?

- “Sabah”ın heyəti genişdir. Müasir futbolda 4 gündən bir oynamaq elə də çətin deyil. Düzdür, çətinliklər olur. Amma görürük ki, bütün Avropa da bu cür oynayır. Bu məsələyə çox fikir vermirik. Öz oyunumuza hazırlaşacağıq.

writer photo
Adil Nəhmətli
0