Biri var imiş, biri yox imiş… Azərbaycan çempionatında özünü hamıdan peşəkar görən, atdığı hər addımın alqışlanmasını gözləyən yersiz-yurdsuz, azarkeşsiz bir klub var imiş.
O qədər qeyri-peşəkar imiş ki, nə stadionu varmış, nə konkret təmsil etdiyi yeri. İmişli? Yox, həmin “İmişli”nin İmişli rayonu ilə əlaqəsi də yoxdur. Komanda nə orada məskunlaşıb, nə orada məşq edir, nə də doğma meydanında oyuna çıxır. Sayılan səbəblər də klubun özü qədər həvəskardır. Stadionun yoxdursa, Premyer Liqada nə işin var?!
Yaxşı, “Qarabağ”ı başa düşdük. Rayonu illərdi işğal altında idi. Qəhrəmancasına azad olundu, indi də stadionun tikintisi gedir.
Yaxşı, “Araz-Naxçıvan”ı da başa düşdük. Naxçıvanda oynayanda klubların əksəriyyəti yolun uzaq olmasından, təyyarə uçuşlarından şikayətlənəcəklər.
Siz isə ölkənin mərkəzində yerləşirsiniz. Nə əraziniz işğal olunub, nə də ölkədən ayrı quru parçasında yerləşmisiniz.
Ötən mövsümə Şamaxıda başlayıb, Qubada bitirən komanda növbəti mövsümə Yevlaxda başlayacaq. Harada bitirəcəyi isə qeyri-müəyyəndir. Heç bitirib-bitirməyəcəyi də bəlli deyil.
Baş məşqçi Jorj Kaşkilyanın şəxsi bacarığı ilə liqada qalmağı bacaran klub ilin jurnalistini seçməyə çalışdı. İdman prinsiplərini, əsasnaməni, qaydaları bilməyən klub jurnalistlər arasında seçim edə biləcəyini düşündü. Debüt ilində iki-üç tərif gördü və elə bildi ki, həqiqətən jurnalistlər arasında qərar verə biləcək ali orqandır. Edilən normal transfer yoxdur, amma medianın işinə qiymət vermək fikri var…
O qədər qeyri-peşəkar klub imiş ki, aldığı texniki məğlubiyyətə görə aləmə car çəkirmiş. AFFA-ya, oradan da Avropanın hüquqi qurumlarına müraciət edirmiş. Adı protokolda olmayan futbolçunu meydana buraxandan sonra başqalarını günahlandıracaq qədər həvəskar klubdur. Soruşsan, hələ də həmin oyunda özlərini qalib hesab edirlər.
Dünən də yeni loqonu təqdim ediblər. Ukraynanın “Lvov” klubunun loqosunun, üzr istəyirəm yanlış dedim, “İmişli”nin embleminin üzərində qızılı rəngdə pələng simvolu yer alıb. Təkrar edirəm, qızılı rəngdə pələng simvolu. Bir daha nəzərinizə çatdırıram, qızılı rəng, pələng. Bilirsiniz də, “təmsil etdikləri” İmişli rayonu qızıl yataqları ilə məşhurdur. Ölkənin qızıl hasilatının 99 faizini İmişli rayonumuz təmin edir.
Həmçinin İmişli meşələri qırmızı kitaba düşən pişiklər fəsiləsinin növlərinin daimi yaşayış məskənidir. Tarix boyu burada pələnglər, şirlər, panteralar yaşayıblar. Təsadüfi deyil ki, yeni loqoda da bu simvollar öz əksini tapıb.
Zarafat edirəm, İmişlidə nə qızıl çıxıb, nə də pələng görülüb. Sadəcə klubun təqdim etdiyi absurd loqoya absurd məna qazandırmağa çalışdım. Hətta gözəl təklifim də var. Loqoya pələng yerinə quş simvolu yerləşdirin. Onsuz da quş kimi hər gün bir rayona köçür, orada oynayırsız. O, “İmişli”yə daha məxsus olar, nəinki pələng…
Pambıq, Araz çayı, Aran simvollarından istifadə edərək uğurlu loqo hazırlamaq olardı. Lakin bu, bəzilərinin işinə gəlmir. Onlar hər addımda İmişlidən qaçmaq, komanda ilə rayon arasındakı əlaqəsini kəsməyə çalışırlar. Biabırçılıqdan başqa bir şey deyil. Ümid edirəm ki, bir gün böyüyəcəksiniz və “İmişli”ni öz doğma azarkeşlərinin yanına, doğma rayonuna qaytaracaqsınız. Təbii ki, həmin günə qədər gec olmasa. Unutmayın, pələng nəhəng və gözəl heyvandır. Lakin şir həmişə şir deyil…