Misli Premyer Liqasında ertələnən oyunları saymasaq, 14 tur geridə qaldı. Dünən baş tutan "Sumqayıt" - "İmişli" matçıyla tur tamamlandı.
Gənclik şəhərinin təmsilçisi yağışlı bir Sumqayıt axşamında, oyunun 82-ci dəqiqəsində Rüstəm Əhmədzadənin vurduğu qolla qonaqları İmişliyə (Qubaya, yaxud başqa yerə də ola bilər) əliboş göndərdi.
İlk hissədən fərqli olaraq, 2-ci hissədə meydanda baş verməyən hadisə qalmadı. Hər nə qədər futbol emosianallığı sevsə də, təqdir etmədiyimiz dava-dalaş bir az dadımızı qaçırtdı. Amma əsas kuryoz hadisə də elə həmin dəqiqələrdə baş verdi...
Xatırlayarsız, ilk dövrədə baş tutan "İmişli" - "Sumqayıt" matçında Aran təmsilçisi qələbə qazansa da, protokolda adı qeyd olunmayan oyunçunu - İbrahim Əliyevi meydana buraxdığı üçün texniki məğlubiyyətə düçar olmuşdu. Nəticədə hesab 3:0 sumqayıtlıların xeyrinə təsdiqlənmişdi. Bu barədə danışmışdıq, təbii ki, Premyer Liqa səviyyəsində belə səhv etmək biabırçılıqdır. Bunu o vaxt qeyd etdiyimizə görə də, klubun mətbuat xidmətinə yaxın yoldaşlar tərəfindən adımız "İmişli düşməni" kimi təqdim olunmuşdu. Bu arada adam İmişliyə, onun təmsil etdiyi komandaya niyə düşmən olar, başa düşmürəm. Hətta "İmişli"ni tənqid etdiyimiz yazıya "sifarişli yazı" şərhini yazan bir xanım da görmüşdüm. Aydın məsələdir ki, klubun mətbuat katibi "İmişli"yə aid tənqidi yazılara öz çevrəsinin şərh dəstəyilə etiraz edir, etibarsızlaşdırmağa çalışır, başadüşüləndir. Amma mən bu yaşıma qədər "İmişli" düşməni kimisə görməmişəm. Necə düşmən olmaq olar axı?! Hansısa kafedə oturub, İmişli qovurması sifariş etmisən, dadı xoşuna gəlməyib, düşmən olmusan? Ya sifarişli yazının sifarişini kim, niyə versin axı? "İmişli" kimin üçün təhdiddir, problemdir ki, kluba qarşı yazı yazılması sifarişi verilsin...
Boş-boş işlərlə məşğul olmaqdansa, görülməli olan daha ciddi işlər var. Bu barədə yazacam. Amma məsələn, müsbəti də deyək, İmişlinin SMM komandası yaradıcı, maraqlı işlər görür, çox bəyənirəm. Avropa trendlərini sosial şəbəkələrdə əla icra edirlər. Bunu müsbət hal kimi mətbuat xidmətinin ayağına yazmaq, təbrik etmək olar. Ona görə də yaxşı olan istiqamətdə daha çox çalışmağa davam etmək lazımdır, mətbuatın üstünə qılınc çəkmək yox...
Qayıdaq baş qəhrəmanımız İbrahim Əliyevə. İlk dövrədə İbrahimin ucbatından 3 xaldan olan "İmişli", bu dəfə də göydəndüşmə bir şansı İbrahimin ayağı ilə qapı tirinə vuraraq, 1 xaldan oldu. Təbii ki, ilk matçda adı iştirak ərizəsində olmadan meydana girməsi, nəticədə komandasının 3 xaldan olması qətiyyən İbrahimin səhvi deyildi. Texniki heyətdə, rəhbərlikdə bir adam yox idisə çıxıb deyə ki, bu adamın adı siyahıda yoxdur, hara oyuna buraxırsız, burda İbrahim neyləsin. Amma görünən odur ki, İbrahim bunun vicdan əzabını həftələrdir çəkib. Dünənki oyunda meydana 91-ci dəqiqədə daxil olan İbrahim dəqiqələr sonra komandasının qazandığı penalti zərbəsini məhz özü yerinə yetirmək istədi. Yetirdi, topu dirəyə vurdu, matç bitdi, "İmişli" uduzdu.
Məsələnin mahiyyətini izah edim. Əsas heyət üzvü olmayan, üstəlik 91-ci dəqiqədə yağışlı havada meydana girən, hələ topu ayağında tam hiss etməyən futbolçuya olduqca kritik dəqiqədə onbirmetrlik cərimə zərbəsini tapşırmaq komandanın həqiqətən qeyri-peşəkar idarəetməsindən xəbər verir. Özü məsuliyyəti üzərinə götürüb, vurmaq istəyibsə bu lap pisdir. Heyətdə o qədər istedadlı, sırf penalti ustası əcnəbi oyunçu ola-ola, bu ixtiyarı ona vermək birmənalı olaraq yarıtmazlıqdı. Əlqərəz, istəmədən də olsa, İbrahim Əliyevə görə "İmişli" 2 oyunda 4 xaldan oldu. Son 6 oyunda 5-ci məğlubiyyətini aldı. Keçək "Sumqayıt"a.
"Sumqayıt" yaman gəlir. Son 7 oyunda, 6 qələbə, 1 məğlubiyyət, o da Çempionlar Liqası komandası "Qarabağ"a, özü də 2 qol vuraraq. Turnir cədvəlində 26 xalla 4-cü pillə. Təkrarlamaqda fayda var: Çempionlar Liqası komandası olan "Qarabağ"dan sonra liqada ən çox qol vuran 2-ci komanda. Bütün bunlar çox yaxşıdır. Baş məşqçisi 4 oyunluq cəzalanan komanda Avropa zolağında gəzişir, şən futbol oynayır. Qış transfer pəncərəsində bir neçə nöqtə atışı əlavə ilə daha da güclənib, Saşa İliç rəhbərliyində avrokuboklara yollanmaq heç də mümkünsüz deyil. Stadion əla, şəhər əla, ab-hava əla. Növbəti Avropa macərası Sumqayıt şəhərinə də çox yaraşar. Sadəcə bir az təbliğatı artırmaq, azarkeşləri, sıravi sakinləri stadiona çəkmək lazımdır. "Qarabağ"a, "Neftçi"yə qarşı oyunlarda stadionda necə anşlaq olur, görürük. Azca da təkan verilsə, hər oyun dolu tribuna görmək 2 vur 2-dir. Üstəlik nəticələr də çox yaxşıdır.
Uzun sözün qısası, "Sumqayıt" üzüyuxarı, "İmişli" üzüaşağı gedir. Allah axırını xeyir eləsin.